Məhkəmə qərarları › İş №3(014)-82/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-82/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-82/2025 05.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında qərar qəbul etmiş Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, Qərardan şikayət vermiş şəxs X2 və onun müdafiəçisi Vəkil iştirakları ilə, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 11 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 11 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Dürdanə Yusifova şikayətini onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 11 dekabr 2024-cü il tarixli, MN № ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuşdur. Qərarın surəti ona göndərilmədiyindən müdafiəçisinin vasitəsi ilə 30 yanvar 2025-ci il tarixdə həmin qərarın surətini alıb tanış olmuşdur. Qərarın məzmununda “Vət. X9 02 dekabr 2024-cü il tarixdə Ağdaş Peşə Məktəbində vətəndaşların yanında ucadan səs-küy salmış, ünvansız küçə söyüşləri söyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur” qeyd olunmuşdur. Eyni tarixli protokol tərtib olunarkən onun xəbəri olmamışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd olunan əməli törətməmişdir. Odur ki, Ağdaş rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X13 tərəfindən qəbul olunmuş 11 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, 02 dekabr 2024-cü il tarixdə 3-cü mərtəbədə dərsdə olarkən İlhamə müəllimə dərs dediyi otağa gəlib, direktorun testləri istədiyini bildirdikdə o, dərsdən sonra verəcəyini demiş, lakin İlhamə müəllimə testləri dərhal verməli olduğunu, özünün sinifdə tələbələrin yanında dayanacağını, onun isə gedib testləri gətirməsini bildirmişdir. O, kitabxanaya testləri götürməyə gedərkən Elmira müəllimə onu dəhlizdə görüb, niyə sinif otağında olmadığını soruşmuş, o, İlhamə müəllimənin testləri dərhal istədiyini bildirmiş, bu zaman Elmira müəllimə onu təhqir edib Elşad müəllimə onun qolundan tutub sinif otağına atmasını demişdir. Bundan sonra o, Elmira müəlliməyə cavab vermək məcburiyyətində qalmış, çünki o, 25 ildən artıqdır ki, müəllimə işləyir, eyni zamanda məktəb direktoru da işləmişdir, mütəmadi olaraq Elmira xanım tərəfindən təhqirlərə məruz qalması doğru deyil. Elmira xanım elə həmin gün polisə zəng vurub onun barəsində şikayət etmişdir. Orxan Lətifzadə həmin gün məktəbə gələrək sinifə daxil olmuş, şagirdlər Orxan Lətifzadəyə onun heç bir günahı olmadığını demişlər, lakin onlar yetkinlik yaşına çatmadıqlarından izahatları alınmamışdır. Onun ümumiyyətlə barəsində tərtib olunmuş protokoldan və qəbul edilmiş qərardan məlumatı olmamış, iş materiallarında guya onun protokolu imzalamamasına dair protokol olsa da guya həmin protokol onun və qızının iştirakı ilə tərtib olunmuş, lakin həmin protokolda onların imzaları olmamışdır. Şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs Dürdanə Yusifovanın müdafiəçisi Vəkil izahat verərək bildirdi ki, Ağdaş rayon Polis Şöbəsindən onlara məktub daxil olmuş və məktubda Dürdanə Yusifova vətəndaşların yanında xırda xuliqanlıq edərək söyüşlər söyməsi, nəticədə X2 50 manat məbləğində cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarı o, 30 yanvar 2025-ci il tarixdə əldə etmişdir. Materialla tanış olduqda sözügedən hadisənin məktəbdə baş verməsi məlum olmuşdur. Tərtib olunmuş protokol və qərarla tanış olmamışdır. Lakin həmin protokolun tərəflərindən imza edilməsindən imtina edilməsi qeyd olunsa da belə bir hal baş verməmişdir. Bundan başqa qəbul edilmiş qərar onların ünvanlarına göndərilməmişdir. O, yalnız bir dəfə araşdırma aparılarkən izahat vermiş və bundan başqa aparılmış heç bir hərəkətdən xəbəri olmamışdır. Elmira Qafarova şikayətində bildirmişdir ki, Dürdanə Yusifova ona qarşı nalayiq ifadələr işlətmişdir. Lakin iş materiallarında konkret hansı nalayiq ifadələrin işlənməsi əks olunmamışdır. Hesab edir ki, sözü gedən mübahisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibini yaradan əməl yoxdur. 2025-ci ilin fevral ayınadək Dürdanə Yusifovaya cərimə olması barədə nə məlumat verilməmiş, nə də həmin cərimənin ödənilməsi ondan tələb olunmamışdır. Məhkəmə iclasında Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X13 izahat verərək bildirdi ki, Elmira Qafarovanın şikayəti əsasında o, Ağdaş Peşə Məktəbinə gedərək Dürdanə Yusifovanın izahatını almaq istəmiş, lakin müəllimə dərsdə olduğu üçün izahatını almaq mümkün olmamışdır. O, sinifə daxil olduqda şagirdlər ona Dürdanə müəllimənin təqsiri olmadığını bildirmişlər. O, iş materiallarında olan Dürdanə Yusifovanın izahatını onun evində almışdır. Dürdanə Yusifovanın barəsində qəbul edilmiş qərar ona dəftərxana tərəfindən göndərilir, hazırda həmin qərarı və ya protokolu Dürdanə Yusifovaya göndərilməsinə dair heç bir sənədi məhkəməyə təqdim edə bilmir. O, bütün şahidlərin izahatlarını Elmira xanımın xidməti otağında və onun yanında alınmışdır. İzahatların sonunda tarix qoymaq yadından çıxıb. Elmira Qafarova hadisəyə dair ona videogörüntü təqdim etsə də həmin sübut qanunsuz yolla əldə olunduğundan iş materiallarına əlavə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, 02 dekabr 2024-cü il tarixdə saat 08:30-da 3-cü mərtəbəyə qalxdıqda Dürdanə müəllimənin dəhlizdə olduğunu görüb, ondan dərs saatında dəhlizdə olmasının səbəbini soruşmuş, sonuncu İlhamə müəllimənin onu testləri gətirməyə göndərdiyini demiş, sonra isə onun ünvanına nalayiq ifadələr, işlətmiş, səs-küy salıb ona yaxınlaşmış və çiyni ilə onu itələmişdir. Həmin vaxt onun yanında Günel müəllimə olmuşdur. Daha sonra Elmira Qafarova məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, dərs saatı olduğundan bütün qapılar bağlı olmuş, dəhlizdə və siniflərdə kameralar olmamışdır. Səs-küyə Elşad müəllim, Elşən müəllim, Səbinə müəllimə və İlhamə müəllimə çıxmışlar. O, İlhamə müəlliməni Dürdanə müəllimədən test alması üçün göndərdiyini xatırlamır. O, Dürdanə müəllimənin səs-küy saldığını görüb, Elşad müəllimə “Dürdanə müəllimənin qolundan tut sinifə apar” demiş, həmin vaxt müəllimə ona “o kişi mənim qolumdan tuta bilməz, ancaq sənin qolundan tuta bilər” demişdir. Polisə şikayət edərkən və izahat verərkən Dürdanə müəllimənin onu itələməsi barədə bildirməməsinin səbəbi həyəcanlı olması olmuşdur. O, hadisə ilə bağlı disk təqdim etmiş polisə, lakin onlar qəbul etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 08:25 radələrində məktəbin direktoru Elmira Qafarovaya yaxınlaşaraq sinif otağının qapısının bağlı olmasını qapının açarını evdə unutduğunu bildirmiş, Elmira müəllimə onda olan ehtiyat açarla qapını aça biləcəyini demiş, birlikdə inzibati binanın 3-cü mərtəbəsinə qalxaraq qapını açmaq istəmişlər. 3-cü mərtəbəyə qalxdıqları zaman məktəbin müəllimi Dürdanə Yusifovanın dərs zamanı dəhlizdə olduğunu görmüşlər. Elmira müəllimə Dürdanədən dərs zamanı nə üçün dəhlizdə olduğunu soruşmuş, Dürdanə müəllimə testləri götürmək üçün dəhlizə çıxdığını bildirmişdir. Elmira müəllimə Dürdanəyə “dərsə hazırlıqlı gir” deyə bildirərək irad tutmuş, Dürdanə “sən məni işləməyə qoymayacaqsan az” demiş, onun fikrincə bu nalayiq ifadədir. Elmira müəlliməyə yaxınlaşaraq çiyni ilə Elmira müəlliməni itələmişdir. Səs-küyə və Dürdanənin bu cür qanunsuz hərəkətlərinə dərsdə olan Səbinə müəllimə, Elşad müəllim və Elşən müəllim çıxmışlar. Elmira xanım Elşad müəllimə “müəllimənin qolundan tut içəri sal” demiş, Dürdanə də Elmira xanıma “mənim əlimdən kişi tuta bilməz, sənin qolundan tuta bilər” demişdir. Səs-küyə gəlmiş müəllimlər Dürdanəni sakitləşdirərək kitabxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 izahatında bildirdi ki, xx.xx.2024cü il tarixdə saat 08:40 radələrində o, məktəbin 3-cü mərtəbəsində dərs prosesində olarkən dəhlizdə səs-küy eşitmiş, həmin vaxt dəhlizə çıxdıqda, dəhlizdə məktəbin müəllimi Yusifova Durdanənin direktor Elmira Qafarova ilə mübahisə etdiyini, ona xoşa gəlməz söz dediyini eşitmişdir. Direktor onu sakitləşdirməyə çalışsa da, sonuncu səs-küy salmağa davam etmişdir. Həmin vaxt səs-küyə Səbinə müəllimə və Elşən müəllim çıxmışlar. Elmira xanım ona “müəllimənin qolundan tut içəri sal” demiş, Dürdanə də Elmira xanıma “mənim qolumdan kişi tuta bilməz, sənin qolundan tuta bilər” demişdir. O, dəhlizə mübahisə başlayan kimi çıxmış, Dürdanə müəllimə ilə Elmira müəllimə arasında məsafə 10-15 metr olmuşdur, onlar kənardan mübahisə etmişlər. Dürdanə müəllimənin səsi eyni yerdən gəlmişdir, mübahisə başlayandan o, yerindən tərpənməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında bildirdi ki, xx.xx.2024cü il tarixdə o, Peşə məktəbinin 2-ci mərtəbəsində 3-cü mərtəbəsinə jurnal apararkən pilləkənin başında olarkən dəhlizdə Elmira müəllimə və Dürdanə müəllimə mübahisə etdiyini görmüş, onların arasında 15-20 metr məsafə olmuşdur. Elmira müəllimə Dürdanəyə sinifə keçməsi, dərsi pozmaması ilə bağlı irad bildirmiş, Elmira xanım Elşad müəllimə “müəllimənin qolundan tut içəri sal” demiş, Dürdanə də Elmira xanıma “mənim əlimdən kişi tuta bilməz, sənin qolundan tuta bilər” demişdir. Onlar mübahisə etdiyi zaman, o öz sinifinə keçmiş, bir neçə dəqiqə sonra sakitçilik yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, o, ”Baytar texniki” qrupunun İstehsalat təlim ustasıdır. 02 dekabr 2024-cü il tarixdə həmin vaxt tələbələrin davamiyyətini yoxlayarkən, dəhlizdə Dürdanə müəllimənin səsini eşitmiş, dəhlizə çıxdığı zaman Dürdanə müəllimənin Elmira müəlliməyə qarşı nalayıq ifadələr işlətdiyinin şahidi olmuşdur. Onların arasındakı məsafə təxminən 10 metr olmuşdur. Mübahisə 7-8 dəqiqə çəkmişdir. Dürdanə müəllimənin “sən məni içəri sala bilmərsən” dediyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə əməliyyatçı mühasib qrupunun istehsalat-təlim ustası olaraq qrup tələbələrinin davamiyyətini yoxlayarkən, sinifdə Dürdanə müəllimədən testləri istəmişdir. Dürdanə müəllimə testin kitabxanada olduğunu, dərsdən sonra verəcəyini demiş, lakin o, Elmira xanımın testləri istədiyini deyib, dərhal verməsini tələb etmişdir. O, sinifdə tələbələrin yanında qalmış, Dürdanə müəllimə isə dəhlizə çıxmış, bir qədər sonra səs-küy eşidib dəhlizə çıxdıqda Dürdanə və Elmira müəllimələrin mübahisə etdiklərini görmüş, Elmira müəllimə Dürdanə müəlliməyə sinifə keçməsi ilə bağlı irad bildirmiş, Dürdanə testləri gətirməyə getdiyini bildirmişdir. Buna görə də aralarında mübahisə baş vermişdir. Səs-küyə 2-3 müəllim çıxmışdır. O, dəhlizə çıxdıqda Dürdanə müəllimə onun yanında Elmira xanım isə dəhlizin girişində olmuşlar. O, polisə də bu cür izahat vermiş, izahat bütün şahidlərdən, o cümlədən ondan Elmira xanımın xidməti otağında və onun yanında alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, 02 dekabr 2024-cü il tarixdə səhər saat 08:35 radələrində baytar texniki qrupda dərsdə olarkən dəhlizdə Dürdanə müəllimənin səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü eşitmişdir. Dəhlizə çıxdığı zaman Dürdanə müəllimə ilə Elmira müəllimə arasında mübahisə olduğunu görmüşdür. Dürdanə müəllimə kitabxananın yanındakı otağın yanında, Elmira müəllimə isə aşpaz otağının qarşısında olmuşdur. Aralarında 7-8 m məsafə olardı. Dəhlizdə Günel, Elmira, Dürdanə, Səbinə müəllimələr və Elşad müəllim var idi. O, Dürdanə müəllimənin Elmira xanıma “Ağdamlısan, get Ağdamda işlə” deməsini eşitmiş və ona görə bu nalayiq ifadədir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Mingəçevir şəhər Vəkil Bürosunun üzvü Vəkil ünvanlanmış 23 yanvar 2025-ci il tarixli, 3-13-62/2-1818/2025 saylı məktubun surətindən görünür ki, Vəkil 09 yanvar 2025-ci il tarixli 2 saylı məktubuna əsasən Ağdaş rayon sakini, 29 noyabr 1971-ci il təvəllüdlü X2 və X7 şikayətləri ilə əlaqədar toplanmış materialların, həmçinin X2 inzibati qaydada cərimələnməsinə dair qərarın təsdiq edilmiş surəti Vəkil göndərilmişdir. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 02 dekabr 2024-cü il tarixdə Ağdaş Peşə məktəbində vətəndaşların yanında ucadan səs-küy salmış, ünvansız küçə söyüşləri söyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini pozmuş, bundan başqa X9 həmin əməli törtmədiyini bildirirək protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli, MN №1684342 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 02 dekabr 2024-cü il tarixdə Ağdaş Peşə məktəbində vətəndaşların yanında ucadan səs-küy salmış, ünvansız küçə söyüşləri söyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini pozduğundan həmin maddə ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin nümayəndəsi X13 tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli protokolun surətindən görünür ki, vətəndaş X9 və X8 iştirakları ilə tərtib olunub, ona görə ki, X9 barəsində 11 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında protokolu heç bir əsaslı səbəb olmadan imtina etdiyini bildirmişdir. İş materiallarında olan Ağdaş rayon Peşə məktəbinin direktoru X14 tərəfindən Ağdaş rayon Polis Şöbəsinə ünvanlanmış 02 dekabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, 02 dekabr 2024-cü il tarixdə saat 08:35 radələrindı X31 məktəbində işdə olan zaman Peşə məktəbinin inzibati binasında məktəbin müəllimi X9 onu məktəbin koridorunda müəllimlərin yanında nalayiq ifadələrlə təhqir edib şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Buna görə də Dürdanə Yusifovanın barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli raportun surətindən görünür ki, 02 dekabr 2024-cü il tarixdə saat 08:39-da Ağdaş rayon Peşə məktəbinin ditrektoru X15 DİN-in 102 xidmətinə zəng edərək məktəbin müəlliməsi Dürdanənin onu itələməsi və münaqişə etməsi barədə məlumat verib polis göndərilməsini istəmişdir. İş materiallarında olan Ağdaş rayonu, ünvan 5 ünvanında yaşayan Dürdanə Yusifova tərəfindən verilmiş şikayət ərizəsinin surətindən görünür ki, o, X33 Məktəbində ixtisas fənn müəllimi olaraq çalışır. Lakin son zamanlar həmin məktəbin direktoru Elmira Qafarova tərəfindən ona qarşı davamlı olaraq qanunsuz müdaxilələr, təzyiqlər və əsassız ittihamlarla üzləşmişdir. Sonuncu hadisə 2 dekabr 2024-cü il tarixində səhər saatlarında baş vermişdir. Elmira Qafarova o, məktəbin koridorunda olarkən onu söyüb təhqir etmiş, heç bir əsas olmadan 102 xidmətinə zəng edərək polis çağırmışdır. Polis gəldikdən sonra Elmira Qafarova əsassız şəkildə onu itələməklə ittiham etmişdir. Bu barədə heç bir sübut təqdim etmədən yalan ifadə verərək onun şərəf və ləyaqətini alçaltmışdır. O, 2 dekabr 2024-ci il tarixdə polis şöbəsinə gedərək Elmira Qafarovonın onu şərləməsi barədə izahat vermişdir. Polis əməkdaşı Orxan bunların böhtan olduğunu bildiyi halda onu hansı məhkəməyə çağırır? Daha sonra sahə müvəkkili Orxan bəy onu dərs zamanı izahat verməyə çağırmışdır. O, dərs prosesinin pozulmasını istəmədiyi üçün bu məsələyə etiraz etmişdir. Sinifdə olan 20 tələbə və qrup rəhbəri İlhamə müəllim də onun heç bir qanunsuz hərəkət etmədiyini təsdiq etmişdir. Hətta tələbələr və İlhamə müəllim Elmira Qafarovanın onun şərəf və ləyaqətini alçaltdığını bildirmişlər. Buna baxmayaraq, Elmira Qafarova yalan və əsassız şəkildə o, döyməkdə ittiham etmişdir. Polis əməkdaşı Orxan bəy onunla təzyiq tonu ilə danışaraq 4 dekabr 2024-cü il tarixində gecə saat 9-da onu məhkəməyə aparacağını bildirmişdir. Beləliklə, Elmira Qafarovanın və Orxan bəyin davranışları hüquqlarını ciddi şəkildə pozmuşdur və ona mənəvi ziyan vurmuşdur. X18 və polis əməkdaşı Orxan bəy məktəbdə qanunsuz hərəkətlərini davam etdirir. Orxan bəy hər gün peşə məktəbinə gələrək tələbələrə psixoloji təsir göstərir və heç bir əsaslı səbəb olmadan saatlarla məktəbdə olur. Qeyd olunanlara əsasən Elmira Qafarovanın davamlı qanunsuz müdaxilələrinin araşdırılması, polis əməkdaşı Orxan bəyin onu məhkəmə ilə təhdid etməsi və qanunsuz hərəkətlərinin yoxlanılması, onun şərəf və ləyaqətini alçaldan, əsassız ittihamlarla hüquqlarını pozan Elmira Qafarova və digər şəxslərə qarşı qanuni tədbir görülməsini və onun qanuni hüquqlarının bərpa edilməsini tələb etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə aparılmış inzibati icraat bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə yanaşı, X2 həmin inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 11 dekabr 2024-cü il tarixdə X2 barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, Dürdanə Yusifovaya sözügedən protokolun göndərilməsini təsdiq edən heç bir sənəd iş materiallarında öz əksini tapmamışdır, yəni protokol Dürdanə Yusifovaya göndərilmədən həmin gün, yəni 11 dekabr 2024-cü il tarixdə onun barəsində MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarına Ağdaş rayon Polis Şöbəsinin sahə rəisi X13 tərəfindən Dürdanə Yusifovanın protokolu heç bir əsaslı səbəb olmadan imzalamaqdan imtina etməsi barədə tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli protokol əlavə olunsa da həmin protokolun vətəndaş X9 və X8 iştirakları ilə tərtib olunduğu göstərilmiş, lakin həmin şəxslərin imzası həmin protokolda olmadığından bu hal həmin protokolun formal olaraq iş materiallarına əlavə olunmasına dəlalət edir. Bununla da müəyyən olunur ki, sözügedən iş üzrə X2 hüquqları pozulmuşdur. Belə ki, 11 dekabr 2024cü tərtib oumuş MN № ******* saylı inzibati xəta haqqında protokolun Dürdanə Yusifovaya göndərilməsinə dair heç bir sənəd iş materiallarına əlavə edilməmiş, işdə iştirak edən şəxsin öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişin ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilməli olmasına baxmayaraq, həmin müddət gözlənilmədən 11 dekabr 2024-cü il tarixdə MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərar qəbul edilərkən X2 iştirakı təmin olunmamışdır. Bununla da X5 özünü müdafiə etmək üçün dəlillərin təqdim edilməsi, müdafiəçi ilə təmin edilməsi, zərurət yarandığı halda şahidlərin və sübutların təqdim edilməsi üçün vaxt verilmədən, həmçinin X2 iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bundan başqa məhkəmə iclasında inzibati icraat aparan şəxs Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X13 və dindirilmiş şahidlərin hamısı izahatlarında bildirmişlər ki, hazırki icraat üzrə bütün şahidlərin izahatları hazırki iş üzrə şikayət vermiş şəxs Elmira Qafarovanın xidməti otağında və onun iştirakı ilə alınmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, şahidlər Elmira Qafarovanın tabeliyində xidmət edirlər və ondan asılı vəziyyətdədirlər. Bu da inzibati xəta haqqında icraat aparan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına səbəb olmuşdur. . Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı məsələsini həll edir. Bundan başqa, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati icraata onun təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, məhkəmə iclasında şahidlər Elmira Qafarova və X19 Yusifovanın mübahisə zamanı Elmira Qafarovaya çiyni ilə vuraraq onu itələdiyini bildirsələr də məhkəmə iclasında dindirilmiş digər şahidlər mübahisə zamanı Elmira Qafarova ilə Dürdanə Yusifovanın müxtəlif yerlərdə dayandıqlarını və aralarında 10-20 metr məsafə olduğunu bildirmişlər. Bu hissədə şahidlərin izahatları arasında ziddiyyət yaranmışdır. Bundan başqa, məhkəmə iclasında dindirilən şahidlər Dürdanə Yusifovanın mübahisə zamanı Elmira Qafarovaya qarşı nalayiq ifadələr işlətməsini bildirsələr də həmin nalayiq ifadələri “o kişi mənim qolumdan tuta bilməz, ancaq sənin qolundan tuta bilər”, “sən məni işləməyə qoymayacaqsan az”, “sən məni içəri sala bilmərsən”, “Ağdamlısan, get Ağdamda işlə” kimi ifadə etmişlər. İş üzrə dindirilən şahidlərin mübahisə zamanı eyni anda dəhlizdə olmalarına baxmayaraq fərqli ifadələr eşitmələri onların ifadələri arasında ziddiyət yaranmasına səbəb olur. Məhkəmə qeyd edir ki, şahidlərin izahatları arasında olan ziddiyyət Dürdanə Yusifovanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli olması barəsində şübhələr yaranmasına səbəb olur və bu şübhələr onun xeyrinə həll edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Məhkəmə qeyd edir ki, X2 ictimai qaydanın pozulmasına yönələn təqsiri sübuta yetirilmir. Qərarda ümumiyyətlə törədilmiş inzibati xətanın mahiyyəti açıqlanmamışdılr. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. X2 02 dekabr 2024-cü il tarixdə Ağdaş Peşə məktəbində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi X2 üzərinə düşmədiyindən və məhkəməyə onun tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında o, İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından X2 şikayət təmin edilməli, Ağdaş rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X6 11 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayət təmin edilsin. Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 11 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar