Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-825/2023 28.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(014)-1668/2019 saylı icra vərəqəsinə əsasən 710.66 manat "xxxx" İKB ASC-nin xeyrinə, Ağdaş Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(014)-689/2023 saylı icra vərəqəsinə əsasən 223,4 manat "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilməli olan, cəmi 934.06 manat (doqquz yüz otuz dörd manat altı qəpik) borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(014)-1668/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 680.66 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" İKB ASC-nin xeyrinə, Ağdaş Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(014)-689/2023 saylı icra vərəqəsinə əsasən isə 193 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat tutularaq "xxxx" Sığorta Şirkətinin xeyrinə verilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(014)-1668/2019 saylı icra sənədi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icraatında olmuş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsi rəisinin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə icra olunması üçün ərazi aidiyyatı üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və 01 noyabr 2022-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən icraata qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(014)-689/2023 saylı icra sənədi üzrə isə 07 avqust 2023-cü il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədləri icraata qəbul edildikdən sonra dəfələrlə borcluya bildiriş göndərilmiş, lakin Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməkdən yayınmışdır. Buna görə barəsində axtarış verilmiş və axtarış nəticəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclu Şəxs icra sənədləri üzrə borcun ödənilməsi tələb olunsa da o, borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında sualları cavablandıran icra məmuru Ramin Abbasov bildirdi ki, borclu Şəxs bildirişi və xəbərdarlığı sadə məktubla göndərmiş və həmin məktub da onun köçməsi səbəbi ilə geri qaytarılmışdır. Həmin bildiriş Ağdaş Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(014)-689/2023 saylı icra sənədi üzrə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərdi ki, qeyd edilən icra sənədlərindən onun xəbəri olmamışdır. Hətta həmin işlərə məhkəmədə baxılarkən belə məhkəmə iclaslarında iştirak etməmiş, ona heç bir məhkəmə bildirişi gəlməmişdir. O cümlədən ona icra sənədləri ilə bağlı heç bir bildiriş və xəbərdarlıq gəlməmişdir. O, 166 Yük Daşıma xidmətində işləyəndə ona cərimə yazılmış, həmin cəriməni də ödəmişdir. Bundan sonra onu heç kim çağırmamışdır, o, avtomobil idarə edir, cəriməsi olduğuna görə heç kim onu saxlatmamışdır. "xxxx" Sığorta Şirkəti tərəfindən ona cərimə yazılmasından xəbəri olmamışdır. Nikoil bank isə bağlandıqdan sonra heç kim ondan borcunu istəməmiş və ya borcun hara ödənməli olduğunu bildirməmişdir. Ona dayısı oğlu xəbər verib ki, onu axtarırlar. Bundan sonra Ağdaş rayon İcra və Probasiya şöbəsinə özü gəlmiş, nə ilə bağlı axtarışa verilməsini soruşmuş, ona cərimə ilə bağlı axtarışa verildiyini bildirmişlər. Onu Ağdaş rayon İcra və Probasiya şöbəsinə polis gətirməmiş, özü gəlmişdir. O, Nardarana gedəndə polislər onu saxlamış və ona Ağdaşdan axtardıqlarını bildirmişlər. Sonra polislər onu Bakıda da saxlamışlar. İcra məmuru ona bildirmişdir ki, barəsində məcburi gətirmə qərarı vardır. Borc onun borcudur, o, borcu ödəməkdən boyun qaçırmır, sadəcə borcun hamısını birdəfəlik ödəməyə imkanı çatmır, hazırda heç yerdə işləmir, tələb olunan borcu ancaq hissəhissə ödəyə bilər, lakin "xxxx" Sığorta Şirkətinin tələb etdiyi cəriməni isə araşdıracaqdır. Həmin cərimə ona aid deyil, 166 Yük Daşıma xidmətinə aiddir. Məhkəmə iclasında sualları cavablandıran barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bu günə qədər onun Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(014)-1668/2019 saylı və Ağdaş Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(014)-689/2023 saylı icra sənədlərindən məlumatı olmamışdır. Bu gün qeyd edilən icra sənədləri ilə bağlı onun izahatları alınmışdır. O, icra sənədini ödəməkdən qərəzli olaraq yayınmamış, icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmamışdır. Əgər ona güzəşt olunsa borcunu hissəhissə ödəyər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X2 Sistemindən icra məmurunun sorğularına alınmış cavablardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına hər hansı əmlakın və ya gəlirinin olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən izahatlarından görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(014)-689/2023 saylı icra sənədi üzrə və Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(014)-1668/2019 saylı icra sənədi üzrə izahatları bugün, yəni 28 dekabr 2022-ci il tarixdə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(014)-1668/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 499 manat məbləğdə əsas borc, 107.63 manat məbləğdə faiz borcu, 74.03 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 680.66 manat məbləğdə borc alınıb "xxxx" İKB ASC-nə verilməli, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat tpul cavabdehdən tutularaq "xxxx" İKB ASC-nə ödənilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(014)-689/2023 saylı icra vərəqəsinə əsasən “Mersedes Benz 190” markalı, 90DP284 dövlət qeydiyyat nişanlı avtomoibilə dəymiş zərər görə cavabdeh Şəxs 193 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat tutularaq "xxxx" Sığorta Şirkətinin xeyrinə verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən zərfin surətindən görünür ki, Şəxs Ağdaş rayonu Yuxarı Ağcayazı kəndindəki ünvanına göndərilmiş məktub onun köçməsi səbəbilə geri qaytarılmışdır. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs icra qeydinin icrası ilə bağlı pozuntular öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında icra vərəqələrində nəzərdə tutulmuş borcun ödənilməsi ilə bağlı Şəxs bildiriş və xəbərdarlıq məktubları olsa da, həmin bildiriş və xəbərdarlıq məktublarının icra sənədləri üzrə borcluya verilməsi barədə heç bir məlumat yoxdur, poçtalyon tərəfindən geri qaytarılmış zərfin surətindən də görünür ki, Şəxs göndərilən məktub ona çatdırılmamışdır. Bunu icra məmuru özü də məhkəmə iclasında təsdiq etdi. Borclu özü də bildirdi ki, icra sənədlərinin icrası ilə bağlı o, heç bir bildiriş və xəbərdarlıq məktubları almamışdır, borcu ödəməkdən yayınmamış, hətta borcunun olmasından məlumatı belə olmamışdır. İcra məmuru tərəfindən məhkəməyə göstərilənlərin əksini təkzib edəcək hər hansı bir sübut təqdim edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-825/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-825/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver