Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-84/2022 08.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İ.Ələkbərovun, müdafiəçisi E.Abdullayevin iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Muxtar oğlu 07 fevral 2022-ci il tarixdə, saat 01:30 radələrində Ağdaş rayonu Ağzıbir kəndində ona yaxınlaşaraq şəxsiyyətinin soruşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq polis əməkdaşlarına nalayiq ifadələr işlətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasının rədd olunması haqqında 08.02.2022-ci il tarixli qərarından görünür ki, fakt əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İMX-nin 535-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə Şəxs Muxtar oğlunun barəsində 08 fevral 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Muxtar oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və bildirdi ki, 07.02.2022-ci il tarixdə, təxminən saat 01:30 radələrində yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndində evlərinə getmiş, bu zaman iki nəfər polis əməkdaşının ona yaxınlaşıb özlərini təqdim edərək ona da özünü təqdim etməsini demiş, o, isə sərxoş olduğundan özünü təqdim etməmiş, polis əməkdaşları sonra da ondan bu vaxt hara getdiyini soruşmuş, bu zaman polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, onlara qarşı kobudluq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır, hazırda əməlindən peşmandır. İş üzrə şahid Ağdaş RPŞ-nin PPXB-nin sürücüsü, polis nəfəri, polis serjantı X4 məhkəmə iclasında verdiyi ifadəsində 07 fevral 2022-ci il tarixdə, saat 01:30 radələrində polis əməkdaşı Ağdaş RPŞ-nin PPXB-nin sürücüsü, polis nəfəri, polis serjantı X3 ilə birlikdə 07.02.2022-ci il tarixdə təxminən saat 01:30 radələrində Ağdaş rayonu Ağzıbir kəndində “Fiat Doblo” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmət apardıqlarını, həmin vaxt kənd ərazisində bir nəfər tanımadıqları sonradan adını bildiyi Arzu adlı şəxsi gördüklərini və yaxınlaşıb onun kim olduğu ilə maraqlanmaq istədiklərini, Arzu adlı şəxsə yaxınlaşıb özlərini təqdim etdiklərini və onun da özünü təqdim etməsini istədiklərini, həmin vaxt Arzu adlı şəxsin onlara qarşı ucadan nalayiq ifadələr işlətməyə başladığını və özünü təqdim etməyəcəyini bildirdiyini, həmin vaxt Arzunun sərxoş vəziyyətdə olduğunu gördüklərini, özü və iş yoldaşı Ülvi Osmanovun həmin Arzu adlı şəxsi nizam-intizama dəvət etdiklərini, lakin Arzunun onların qanuni tələbizinə tabe olmadığını və onlara qarşı ucadan nalayiq söyüşlər söyməyə davam etdiyini, həmin vaxt Arzuya polis şöbəsindən kömək çağırdıqlarını və kömək gələn kimi onu RPŞ-nə aparacaqlarını, bundan sonra Arzunun çıxıb getdiyini, daha sonra RPŞ-nə gələrək Arzu adlı şəxsin hərəkətləri və onların qanuni tələbinə tabe olmaması iə bağlı RPŞ-nə raport yazdıqlarını, hadisənin 07.02.2022-ci il tarixdə saat 01-30 radələrində Ağdaş rayon Ağzıbir kəndində baş verdiyini, təxminən 5-10 dəqiqə çəkdiyini, özü və iş yoldaşı polis serjantı X5 rayonu Ağzıbir kəndində xidməti avtomobil ilə xidmət apardıqlarını, Arzu adlı şəxsin onlara qarşı nalayiq söyüşlər söyərkən və onların qanuni tələbinə tabe olmadığı zaman orada özü və iş yoldaşı polis serjantı Ülvi Osmanovun olduğunu, yaranmış səs-küyə heç kimin gəlmədiyini bildirdi. İş üzrə şahid Ağdaş RPŞ-nin PPXB-nin sürücüsü, polis nəfəri, polis serjantı X3 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Muxtar oğlunu, iş üzrə şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 08 fevral 2022-ci il tarixli qərardan məlum olur ki, Şəxs Muxtar oğlu 07.02.2022-ci il tarixdə saat 18:00 radələrində şübhəli şəxs kimi tutulmuş və 08.02.2022-ci il tarixdə şübhəli şəxs qismində iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs Muxtar oğlunun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli həbsə alındığı tarixdən və vaxtdan, yəni 08 fevral 2022-ci il tarixdən, saat 16:45-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan Şəxs Muxtar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində bir ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 08 fevral 2022-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-84/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-84/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver