Məhkəmə qərarları › İş №3(014)-85/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-85/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-85/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1971-ci ildə Ağdaş rayonunun Yuxarı Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Orta Qəsil kəndi ərazisindən keçən 238-ci kilometrliyində sürücü 1997-ci il təvəllüdlü X1 idarə etdiyi VAZ-21061 markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Bakı istiqamətində hərəkətdə olarkən, köməkçi yoldan baş yola çıxan sürücü 1971-ci il təvəllüdlü Şəxs idarə etdiyi **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində VAZ-2107 markalı avtomobildə sərnişin qismində əyləşən Ağdaş rayonu, Yuxarıqəsil kəndində yaşayan 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 xəsarət alaraq Ağdaş RMX-yə müraciət etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində İV Tağım YPX inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək xx xxxxxx 2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Ortaqəsir kəndi ərazisindən keçən 238-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar bildirdi ki, həmin gün bacısı Hafizə onlara qonaq gəlmişdi. Axşam olduğuna görə bacısını evə aparmaq üçün yeznəsi Böyükağagilə getmiş və Hafizəni evə aparmaq üçün ona məxsus VAZ-2107 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilini ondan istəmişdir. Böyükağa da etiraz etməmiş və avtomobili götürüb evə gəlmişdir. Sonra Hafizə, digər bacısı Məlahət və oğlu Rəsul VAZ-2107 markalı avtomobillə bacısı Hafizəni evə aparmaq üçün avtomobilə əyləşmişlər. Avtomobili özü idarə etmiş, oğlu Rəsul qabaq sağ oturacaqda, Hafizə arxa sol oturacaqda, Məlahət isə arxa sağ oturacaqda əyləşmişdi. Onlar Hafizəgilin evinə çatmış, Hafizə düşdükdən sonra Məlahəti evə aparmışdır. Hafizə avtomobildən düşəndən sonra avtomobildə yerlərini dəyişmədən VAZ-2107 markalı avtomobillə yola düşmüşlər. Hava qaranlığa doğru getmiş, lakin tam qaralmamışdı. Yuxarı Qəsil kəndində dayanıb baş yolla hərəkətdə olan avtomobilləri gözləmişdir. Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonunun Ortaqəsir kəndi ərazisindən keçən 238-ci kilometrliyində köməkçi yolda dayanaraq üzü Bakı istiqamətində hərəkətdə olan üç avtomobili buraxandan sonra idarə etdiyi VAZ-2107 markalı avtomobillə təxminən saatda 10-20 sürətlə hərəkətə başlamışdır. Baş yola çıxıb sola manevr edib dönmək istəyərkən üç avtomobilin arxası ilə hərəkətdə olan VAZ-21061 markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və onunla toqquşmuşdur. Toqquşmadan sonra avtomobilin qapısı açılmadığından o, avtomobildən yerə düşə bilməmişdir. X7 düşmüşlər. Sonra isə orada olan insanların köməyi ilə avtomobildən yerə düşmüşdür. O və oğlu yüngül xəsarət almışdılar. VAZ-21061 markalı avtomobildə isə heç kim xəsarət almamışdı. Buna görə də TTYS-na zəng vurduq. TTYS-nın avtomobili gələrək onları Ağdaş RMX-yə aparmışlar. Xəstəxanada onlara ilk yardım göstərildikdən sonra ciddi bir xəsarət olmadığı üçün evə buraxmışlar. Hadisə vaxtı hava qaranlığa doğru getmiş, amma tam qaralmamışdı və yol aydın görünürdü. Əməlindən peşmandır. Maddi imkanı zəifdir. Məhkəmə tərəfindən cərimə növündə inzibati tənbeh olarsa, cəriməni ödəməkdə çətinlik çəkəcək. Buna görə də sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahat verərək bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində atası Şəxs idarə etdiyi **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək bibisini evinə aparırdılar. Bu zaman içərisində olduğu avtomobil VAZ-21061 markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdu. Sonradan məlum oldu ki, qəza zamanı Şəxs idarə etdiyi avtomobilin işıqları yanmadığından onu qaranlıq vaxtı görmək mümkün olmamış və beləliklə də qəza baş vermişdir. Hadisə nəticəsində biraz əzilsə də, hazırda sağalmışdır. Heç bir şikayəti və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs1 və protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar