Məhkəmə qərarları › İş №3(014)-89/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-89/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-89/2024 04.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Qərardan şikayət vermiş şəxs X4, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X16 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin vəzifəli şəxsinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X16 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin vəzifəli şəxsinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, yəni Rusiya Federasiyası vətəndaşı X25 rayonu, Yenicə kəndi ünvanında yaşayır. 05 avqust 1994-cü ildə Azərbaycan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşıdır. Vətəni Azərbaycan Respublikasında “qohumluq münasibəti” əsasında 29 noyabr 2023-cü ildə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin etibarlıq müddəti 29 noyabr 2025-ci il tarixədəkdir. 09 fevral 2024-cü il tarixdə yaşadığı ünvan 1inə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 575.1.5-ci maddəsi ilə 01 fevral 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş protokol üzrə 13 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Tərtib edilmiş protokola görə guya o, yaşayış yerində yaşamamış və bu əsasla barəsində protokol tərtib edilmişdir. ünvan 1ində yaşayır və gün ərzində müəyyən gündəlik qayğıları ilə məşğul olur və bu əsasla kəndin digər hissəsində yaşayan qohumlarını ziyarət edə və ya digər məsələlərin həlli ilə əlaqədar məşğul ola bilər. Hesab edir ki, bu hərəkətində qeyri qanuni heçnə yoxdur. Lakin hansı meyar əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsi onun “yaşayış yeri üzrə yaşamamağı” müəyyən edib və bu əsasda barəsində protokol tərtib edib ona aydın deyil. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsi tərəfindən 01 fevral 2024-cü il tarixli İXP ******* saylı protokolundan və onun əsasında 13 fevral 2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında MN ******* saylı qərarı ilə razılaşmır. Belə ki, protokoldan və eyni zamanda onun əsasında verilmiş qərardan da göründüyü kimi İXM-nin 575.1.5-ci maddəsi bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsi əsasında verilən inzibati tənbehdir. Lakin barəsində tərtib edilmiş protokolun konkret olaraq mənbəyi göstərilməlidir. Yəni ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin əməkdaşları evlərinə gəlməmiş, dolayisilə hər hansı pozuntu aşkar edilməmişdir. O, Protokolu və onun əsasında tərtib edilmiş qərarı 09 fevral 2024-cü il tarixdə rəsmi formada Azerpoçt vasitəsilə əldə etmiş və qəbul etmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsi tərəfindən tərtib edilmiş 01 fevral 2024-cü il tarixli İXP ******* saylı protokoldan və onun əsasında 13 fevral 2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X16 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, Azərbaycan dilində başa düşür, sadəcə yazıb-oxuya bilmir. Hazırki məhkəmə iclasında müdafiəçi ilə təmsil olunduğundan tərcüməçiyə eytiyacı yoxdur. 4 yaşından Rusiya Federasiyasının Tomsk vilayətində yaşayır və oranın vətəndaşıdır. 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycana gələrək ünvan 1ində yaşamış və Miqrasiya xidmətindən 1 illik müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi almış, həmin icazə kağızının müddəti bitdikdən sonra yenidən 29 noyabr 2023-cü ildə ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin etibarlıq müddəti 29 noyabr 2025-ci il tarixədək idi. O, Azərbaycana gəldikdən sonra ünvan 1ində yaşamış və yaşayış yerini dəyişməmişdir. 4 fevral 2024-cü il tarixdə o, X14 İdarəsinə dəvət olunmuş və idarəyə getmişdir. İdarədə onun Bakıda olduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilmiş və həmin protokolun imzalanması tələb olunmuşdur. Lakin həmin protokol əsassız olduğundan və o, azərbaycan dilində bilmədiyindən protokolu imzalamaqdan imtina etmişdir. Belə ki, o, mütəmadi olaraq Ağdaş rayonunun Yenicə kəndində yaşamışdır. Miqrasiya İdarəsinin əməkdaşları onun yaşadığı ünvana ümumiyyətlə gəlməmişlər, çünki mütəmadi olaraq əmisi arvadı və əmisi qızı, eləcə də onun arvadı evdə olurlar. Lakin Miqrasiya idarəsinin əməkdaşları tərəfindən onunla nə telefon əlaqəsi saxlanılmamış, nə yaşadığı ünvana gəlinməmişdir. Buna görə də onun barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsi tərəfindən barəsində tərtib edilmiş 13 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında sualları cavablandıran X16 bildirdi ki, miqrasiya idarəsinin əməkdaşlarına onun həmin orqana təqdim etdiyi mobil nömrəsinə zəng vurmamışlar. Miqrasiya idarəsinin əməkdaşları heç onun yaşadığı ünvana belə gəlməmişlər. Yalnız icra nümayəndəliyindən almış olduqları aeayıça əsasən, onun barəsində protokol tərtib etmişlər. O, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinə getmiş, lakin protokolu imza etməməsinə səbəb ilk növbədə həmin protokolla razılaşmaması, ikinci növbədə isə azərbaycan dilində yazıb-oxuya bilməməsi olmuşdur. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin nümayəndəsi X17 izahatında bildirdi ki, X2 Federasiyasının vətəndaşıdır. Azərbaycana gəldikdən sonra ona müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. X8 icazə vərəqəsi verilərkən ona hüquq və vəzifələri izah olunmuş və qaydalarla təlimatlandırılmışdır. Lakin sonradan məlum olmuşdur ki, X16 5 yanvar 2024-cü il tarixdən ünvan 1ində deyil, Bakı şəhərində yaşayır. O, qanunla 10 gün müddətində yaşadığı ərazini tərk edə bilər, lakin Coşqun Hacıyevin 10 gündən artıq idi ki, Bakı şəhərində yaşadığı müəyyən edilmişdir. Bundan sonra telefon vasitəsi ilə Coşqun Hacıyevlə əlaqə saxlanılaraq idarəyə dəvət olunmuşdur. Coşqun Hacıyev idarəyə gəldikdə ona pozuntular etdiyi və buna görə də barəsində protokol tərtib olunduğu bildirilmişdir. Coşqun Hacıyev Azərbaycan dilində yaza bilmədiyindən protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında sualları cavablandıran Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin nümayəndəsi X17 bildirdi ki, pozuntu aşkar olunduqdan sonra X4 yaşadığı ünvana gedilmiş, qapı döyülmüş lakin, qapıya gələn olmamış, əməkdaşlar isə icra nümayəndəliyindən arayış alaraq inzibati protokol tərtib etmişlər. Coşqunun yaşadığı kənddə olarkən onların əməkdaşları Coşquna zəng vurmamışlar. Protokol 1 fevral 2024-cü il tarixdə tərtib olunub və həmin protokol tərtib edilərkən icra nümayəndəliyi tərəfindən verilmiş arayışa əsaslanmışlar. Belə ki, icra nümayəndələri kənd üzrə səlahiyyətli şəxs olduqlarından kənd sakini olmayan şəxslərin kəndə gəliş-gedişləri barədə məlumatları olur. Ona görə də X16 barəsində tərtib edilmiş protokol və qərar əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Ağdaş rayonu Yenicə kənd icra nümayəndəsi X12 izahatında bildirdi ki, o, X9 tanıyır. X16 müvəqqəti əmisi Hacıyev Həsənə məxsus evə qeydiyyata düşmüşdür. Kəndin 2000 nəfərə yaxın əhalisi var və o, kənd əhalisinin 95 faizini tanıyır. O, kənddə olarkən Miqrasiya idarəsinin əməkdaşları kəndə gələrək Coşqun Hacıyevin kənddə olub-olmasını soruşmuşlar. O, müavin X15 Hacıyevin kənddə olub-olmamasını soruşmuş, sonuncu isə Coşqunun kənddə olmadığıni bildirmiş, bu səbəbdən o, iş materiallarında olan arayışı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin nümayəndəsinə təqdim etmişdir. O, arayışı verməzdən əvvəl Miqrasiyanın əməkdaşlarına Coşqunun yaşadığı evə gedib baxış keçirmələrini təklif etmiş, lakin əməkdaşlar xidməti maşınlarının həmin yolu gedə bilməyəcəyini bildirib Coşqun Hacıyevin kənddə olmamasına dair arayış vermələrini istəmişlər. Lakin arayış tərtib olunarkən Coşqunun kənddə olmaması barədə məlumatları olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Yenicə kənd icra nümayəndəsinin müavini X13 ifadəsində göstərdi ki, işlədiyi kənddə 1833 nəfər varki onların 90 faizini tanıyır. Hacıyev Coşqunu da tanıyır. Belə ki, o, Rusiya vətəndaşıdır və ünvan 1ində yaşayan əmisinin evinə müvəqqəti qeydiyyata düşüb. Qeydiyyat düşdükdən sonra həmin kənddə yaşamağa başlamışdır və tez-tez kənd ərazisində Coşqun Hacıyevi görmüşdür. Sonuncu dəfə Coşqun Hacıyevi yanvar ayının əvvəllərində görmüşdür. Miqrasiya idarəsinin əməkdaşları ona yaxınlaşaraq Coşqun Hacıyevin kənddə yaşayıbyaşamamasını soruşmuşlar, o, isə cavab olaraq bildirmişdir ki, hazırda kənddə olması barədə məlumatı yoxdur. Daha sonra o, miqrasiya idarəsinin əməkdaşlarına Coşqun Hacıyevin yaşadığı evə gedərək evdə onun olub-olmamasını müəyyən etmələrini təklif etsə də, Miqrasiya idarəsinin əməkdaşı ona maşında yanacağın az olduğunu bildirirək onlara arayış verilməsinin yetərli olacağını bildirmişdir. Məhkəmə iclasında sualları cavablandıran X13 bildirdi ki, Miqrasiya idarəsinin əməkdaşları kəndə gələrkən Coşqun Hacıyevin kənddə olub-olmamasını müəyyən etmək üçün onun yaşadığı evə baxış keçirilməmiş və ya Coşqunun əmisi ilə telefon əlaqəsi saxlanılmamışdır. Kənd əhalisi çox olduğundan onların hər birini izləyə bilmirlər. Arayışda Coşqunun kənddə olmadığını qeyd etsələr də, həmin vaxt Coşqunun kənddə olubolmaması barədə dəqiq məlumatı yox idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin inspektoru X6 tərəfindən tərtib edilmiş 1 fevral 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, X4 5 yanvar 2024-cü il tarixdən bir yerdən başqa yerə gəldikdə yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayyət etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törtəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin şöbə rəisi müavini vəzifəsini müvəqqəti icra edən kiçik miqrasiya xidməti müşaviri X10 13 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İşin materiallarında olan Rusiya Federasiya tərəfindən verilmiş RUS 76 ******* seriya nömrəli pasportun surətindən görünür ki, X2 Federasiyasının vətəndaşıdır. İş materiallarında olan X8 məxsus MYİ № ******* seriya nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, X8 Dövlət Miqrasiya İdarəsi tərəfindən 29 npyabr 2023-cü il tarixdən 29 noyabr 2025-ci il tarixədək ünvan 1i ünvanında yaşamağa icazə verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli, 5- 32-12/2-583/2023 saylı arayışın surətindən görünür ki, 05 avqust 1994-cü il tarixdə doğulmuş X3 rayonu, Yenicə kəndində yaşayır və müvəqqəti qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 01 fevral 2024-cü il tarixli, 5-32-12/2-71/2023 saylı arayışın surətindən görünür ki, X16 5 yanvar 2024-cü il tarixdən ünvan 1i ərazisində yaşamır. İşin materiallarında olan Dövlət Miqrasiya Xidmətinin 2 fevral 2024-cü il tarixli, 19/13/QD saylı “inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardadın surətindən görünür ki, 5 avqust 1994-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Dzhoshgun Gadzhiev (7********) baəsində inzibati xəta haqqında işin baxılması 13 fevral 2024-cü il tarixinə, saat 11:00-a təyin edilməsi, həmin işə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin inzibati binasında baxılması, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılması qərara alınmışdır. İşin materiallarında olan Dövlət Miqrasiya Xidmətinin 13 fevral 2024-cü il tarixli, 1584110/m saylı “Əcəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında” qərarın surətindən görünür ki, Gadzhiev Dzhoshgun Azərbaycan Respublikasına gəlişi Dövlət Miqrasiya Xidmətinin 13 fevral 2024-cü il tarixli və ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilənədək qadağan edilməsi, Gadzhiev Dzhoshgun tərəfindən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilmədikdə onun ölkəyə gəlişinə 30 noyabr 2025-ci il tarixdən etibarən qadağa qoyulması, Gadzhiev Dzhoshgun tərəfindən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənildikdə onun ölkəyə gəlişinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. İşin materiallarında olan X14 İdarəsi tərəfindən ünvan 1ində yaşayış yeri üzrə qeydiyyatda olan Rusiya Federasiyasının vətəndaşı X8 ünvanlanmış 2 fevral 2024-cü il tarixli, 3-37/2-14xx-xx/2024 saylı məktubun surətindən görünür ki, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq 1 fevral 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə qərar qəbul edilmiş və X7 13 fevral 2024-cü il tarixdə şəxsiyyətini təstiq edən sənədlərlə X14 idarəsinə gəlməsi xahiş olunmuşdur. Məhkəmə şikayətin dəlillərini, qərardan şikayət vermiş şəxs X4, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunusuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsi tərəfindən sözügedən pozuntu araşdırılmadan, X4 harada olması müəyyən edilmədən, onun yaşadığı mənzilə gedilmədən, onunla mobil telefon əlaqəsi belə saxlanılmadan, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, heç bir əsası olmayan arayışı əsas gətirərək protokol tərtib olunaraq qərar qəbul edilmişdir. Yəni, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həll edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktiki məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına və formal əsaslara istinad etməklə X16 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bundan başqa məhkəmə iclasında müəyyə olundu ki, X16 inzibati xəta haqqında işin baxılmasında iştirak etmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinə dəvət olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin azərbaycan dilində danışa bilsə də azərbaycan dilində yazıb-oxuya bilməməsi nəzərə alınmayaraq tərcüməçinin və ya müdafiəçinin xidmətlərindən istifadə etmək hüququ təmin edilməmişdir. Bu da o, nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta haqqında protokola baxılarkən barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Həmin Məcəllənin 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi iştirak edə bilər. Bundan əlavə X16 inzibati xəta haqqında protokolu imzalamamış və bunun səbəbləri barədə həmin protokolda müvafiq qeyd aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin vəzifəli şəxsinin 13 fevral 2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 128-130, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X14 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin 13 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar