Məhkəmə qərarları › İş №3(014)-91/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-91/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-91/2023 10.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilov Elçin Elmi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1989-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Aşağı Ləki ərazi dairəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1239/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 493 manat əsas borc və 88 manat cərimə borcu olmaqla, cəmi 581 manat məbləğində borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq X3 ödənilməlidir. Lakin borclu öhdəliklərini vaxtında icra etməmiş və hazırda 611 manat borcu yaranmışdır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, iş yeri olmadığından borcunu indiyədək ödəyə bilməmişdir. Hazırda işləyir və borcundan 250 manat ödəniş etmişdir. Qalan borcunu hissə-hissə iki ay ərzində tam ödəməyə söz verir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs xeyli müddədir ki, ona olan borcundan ödəniş etməmişrdir. Hazırda borcundan 250 manat ödəniş etmişdir. Qalan borcun hissə-hissə iki ay ərzində ödənilməsinə razı olduğunu bildirərək, işin icraatına xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra vərəqəsinin icrası barədə tələblərini pozmamışdır. Onun məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs icra vərəqəsinin icrası ilə bağlı pozuntular öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar