Məhkəmə qərarları › İş №3(014)-93/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-93/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-93/2022 24.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi ilə xx.xx.1972-ci ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02.01.2022-ci il tarixdə öz təsərrüfatına məxsus iribuynuzlu mallarını asfalt örtüklü yoldan keçirərkən camış malı Ağdaş-Zarağan yolunun ünvan 1i hissəsində hərəkətdə olan “Nissan-sentra” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış, nəticədə avtomobil camışı vurmuş və avtomobildə olan sərnişin xəsarət almışdır. Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi X2 26 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 09.02.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərərçəkmiş şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan Şəxs Ağdaş RPŞ-yə verdiyi izahatdan görünür ki, o, Dəhnəxəlil kəndində heyvandarlıqla məşğul olur. 02.01.2022-ci il tarixdə axşam saat 20:00 radələrində özünə məxsus iri buynuzlu heyvanları yolun sol tərəfindən sağ tərəfə doğru keçirmək istəmişdir. Bu zaman yüksək sürətlə hərəkətdə olan “Nissan Sentra” markalı, **- AH-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsus iri buynuzlu camış heyvanını vurmuşdur. Həmin heyvanları yoldan keçirərkən avtomobil idarə edən sürücülərin heyvanları görməsi üçün əlində olan işıq fənəri ilə işıq vermişdir. Lakin buna baxmayaraq “Nissan Sentra” markalı avtomaşını idarə edən sürücü Vasif işığı görməyərək ona məxsus camış heyvanını vurmuşdur. Camış heyvanı aldığı xəsarətdən bir qədər getdikdən sonra yerə yıxılaraq ölmüşdür. Özünə məxsus bağ torpaq sahəsi yol kənarında yerləşdiyindən hər gün heyvanları yoldan keçirərək öz yaşadığı ünvana gətirir. Həmin gün də heyvanları yoldan keçirərək öz həyətinə gətirərkən Vasif adlı şəxs idarə etdiyi “Nissan Sentra” markalı avtomaşınla heyvanı vurmuşdur. İşin materiallarında olan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə verdiyi izahatdan görünür ki, sürücülük vəsiqəsi vardır və idarə etdiyi “Nissan Sentra” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. 02.01.2022-ci il tarixdə Bakı şəhərindən Göyçay rayonuna gəlmiş və idarə etdiyi avtomaşınla Qəbələ-Ağdaş yolu ilə hərəkət etmişdir. Ağdaş rayonu istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindən iri buynuzlu inəklər yolu keçmişlər. Bu zaman qara camış onun idarə etdiyi avtomaşının sol örük şüşəsinə buynuzu ilə dəymişdir. Həmin vaxt avtomaşını yolun sağ tərəfində saxlayaraq yerə düşmüş və yerə düşdükdən sonra bir qədər getdikdən sonra həmin öküzün yerə yıxıldığını görmüşdür. Həmin vaxt avtomaşının salonunda anası Mahuzər, arvadı Gülnar, oğlu Məhəmməd və digər oğlu Əli olmuşlar. Qabaq oturacaqda anası Mahuzər əyləşmiş, hadisə zamanı anası sağ əlindən xəsarət almışdır. Özü həmin hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və ona köməklik göstərmişlər. Hadisə yerinin müayinəsində iştirak etmişdir. Həmin heyvanların sahibi Ağdaş rayon Dəhnə kəndində yaşayan Anar adlı şəxs olduğunu bilmişdir. Həmin yerdə görüntü kamerası olub-olmamasından məlumatı yoxdur. Hadisə zamanı idarə etdiyi avtomaşının sürəti saatda 60 km olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, həmçinin həkim müayinəsindən də keçmişdir. Hadisə baş verən zaman yer quru və asfalt düz hamar olmuşdur. Hadisə baş verən zaman idarə etdiyi avtomaşında heç bir yük olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 09.02.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin və ona 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar