Məhkəmə qərarları › İş №3(014)-97/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-97/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-97/2024 04.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3, Müdafiəçi Ağdaş rayonunda fərdi fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1998-ci ildə Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 29 fevral 2024-cü il tarixdə, saat 19:00 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(014)-97/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(014)-97/2024 nömrəli qərarı ilə razılaşmamış və onun müdafiəçisi Vəkil tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, iş materialları şikayət ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(014)-81/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 3(014)-97/2024 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş, Şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında bildirdi ki, xidmətdə olarkən bir nəfər şəxsin polis şöbəsinə gətirildiyini və həmin vaxt ünvansız küçə söyüşləri söydüyünü görmüşdür. Bundan sonra həmin şəxsin Ağdaş şəhər sakini Şəxs olduğu müəyyən edilərək barəsində protokol tərtib edilmişdir. Şəxs barəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Ağdaş şəhəri ərazisində yerləşən “550 Petrol” yanacaqdoldurma məntəqəsində operator işləyir. 29 fevral 2024-cü il tarixdə işdə olarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq haqqında şikayət olduğunu və onunla polis şöbəsinə getməli olduğunu bildirmiş, o, isə polis əməkdaşına heç bir etiraz bildirmədən həmin tarixdə saat 10:45-də könüllü olaraq polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra ona Pərişan adlı şəxsin ondan şikayət etdiyini və buna görə də şöbəyə gətirildiyi bildirilmişdir. Polis şöbəsinə gətirildikdən təxminən yarım saat sonra yaxınlarına onun polis şöbəsində olması barədə məlumat verilmiş və gün ərzində yaxınları polis şöbəsinin qarşısında olmuşdur. Şöbədə olarkən heç bir pozuntuya yol verməmiş, söyüşlər söyməmişdir. Beş gün onu qanunsuz olaraq polis şöbəsində saxladıqdan sonra 01 mart 2024-cü il tarixdə ona məhkəməyə çıxarılacağı bildirilmiş və məhkəmənin qərarı ilə heç bir əsas olmadan onun barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına verilən suallara cavab olaraq bildirdi ki, özü könüllü olaraq polis şöbəsinə gəlmiş, polis əməkdaşına heç bir etiraz bildirməmiş, hər hansı bir təzyiq və ya təsir göstərməmişdir. Polis əməkdaşı 29 fevral 2024-cü il tarixdə iş yerinə gələrkən saat 10:45 radələri olmuş və həmin vaxt iş yerində Səməd adlı polis əməkdaşı, iş yoldaşı, starşı və özü olmaqla dörd nəfər olmuşlar. Həmin şəxslər on metr məsafədə ondan aralı olmuşlar. Orada kənar şəxslər olmamışlar. İctimai qayda heç bir formada pozulmamışdır. İfadəsində qeyd etdiyi xüsusatlar yanacaqdoldurma məntəqəsində olan videogörüntülərlə öz təsdiqini tapmışdır. Həmin diskdə görünür ki, 19 fevral 2024-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşı Səməd adlı əməkdaşı onun işlədiyi Ağdaş şəhərində polis şöbəsindən 1 km məsafədə yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş və ona barəsində olan şikayətlə bağlı polis şöbəsinə getməli olduğunu bildirmişdir. Kamera görüntülərindən də aydın olduğu kimi o, saat 10:45-də Opel markalı maşınla polis şöbəsinə aparırlar. Bundan sonra onun atası və yaxınlarının məsələdən xəbəri olur və şöbənin qabağına gəlirlər. Şəxs barəsində 15 gün müddətində inzibati həbs tətbiq edilənə kimi şəxs şöbədən buraxılmamışdır. Buna baxmayaraq, həm məhkəmənin qərarında, həm də materiallardan görünür ki, guya bu şəxs saat 19:00 da şöbəyə gətirilib. Aydındır ki, həmin tarixdə 19:00-da hava qaranlıq olur. Protokolda qeyd edilmiş hadisə olmamışdır. Onun polis şöbəsinə gətirilmə səbəbi Pərişan adlı xanımın şikayət etməsi olmuşdur. Polis əməkdaşı onu şöbəyə dəvət edərkən o, polis əməkdaşına heç bir etiraz bildirməmiş, özü könüllü olaraq polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati bainasında olarkən də heç bir qanun pozuntusuna yol verməmişdir. Bundan başqa o, əgər hər hansı bir pozuntuya yol vermiş olsa idi, barəsində inzibati xəta haqqında protokol beş gün sonra, yəni 01 mart 2024-cü il tarixdə deyil, məs protokolda qeyd olunan gün, yəni 29 fevral 2024-cü il tarixdə tərtib edilərdi. Polis şöbəsi tərəfindən tərtib edilmiş protokol tam əsassızdır və odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin İstintaq Bölməsinin polis baş leytenantı X1 13 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02 mart 2024-cü il tarixli, 03 nömrəli arayışdan görünür ki, "xxxx" MMC-nin Yanacaqdoldurma bölməsində xx.xx.2023-cü il tarixdən operator vəzifəsində işləyən Şəxs polis əməkdaşı X2 tərəfindən 29 fevral 2024-cü il tarixdə saat 10:45 radələrində barəsində şikayətlə əlaqədar olaraq iş yerindən OPEL ASTRA markalı, **-CH-*** qeydiyyat nömrəli avtomaşınla Ağdaş rayon Polis şöbəsinə aparılmış bir daha geri qaytarılmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında videogörüntüyə baxış keçirilərkən Şəxs Opel markalı yanında polis əməkdaşı ilə söhbət etməsi, növbəti görüntüdə isə həmin Opel markalı avtomobilə əyləşərək oradan uzaqlaşdığı əks olunmuşdur. Videogörüntüdə Şəxs polis əməkdaşına hər hansı müqavimət göstərməsi və polis əməkdaşının qanuni tələblərinə əməl etməməsinə dair heç bir hala rast gəlmək olmur. Eyni zamanda video görüntüdə səs olmadığından Şəxs ucadan danışaraq söyüş söyməsi öz təsdiqini tapmır. Ucadan qışqırsa da ətrafda heç kim müşahidə olunmadığından ictimai qaydanın pozulması halı da öz təsdiqini tapmır. Bundan əlavə hadisənin baş verdiyi saatla, baş verdiyi yerlə bağlı videogörüntü və iş materialları arasında ziddiyyət var. Belə ki, raportda və protokolda qeyd edilir ki, Şəxs 29 fevral 2024-cü il tarixdə saat 19:00 radələrində Ağdaş rayonu Heydər Əliyev prospektində ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır, lakin Şəxs izahatında, MR.HH MMC-nin məktubunda və videogörüntüdə polis əməkdaşının ünvan 4 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsində Şəxs yaxınlaşması və Şəxs polis əməkdaşının avtomobilinə əyləşərək oradan uzaqlaşması öz təsdiqini tapır. Eyni zamanda videogörüntüyə baxış keçirilərkən hadisənin saat 19:00-da törədilməsi də öz təsdiqini tapmır. Belə ki, 29 fevral tarixinin qış ayı olması nəzərə alınsa həmin saat, yəni 19:00 axşam saatları olduğundan hava qaranlıq olur, lakin videogörüntüdə olan görüntülərin gündüz saatlarında, yəni hava aydın olarkən qeydə alındığı müəyyən olunur. Məhkəmə, məhkəmə iclasında Şəxs verdiyi izahatını inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuiyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati icraata onun təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirmişdir. Hazırda müdafiəçi məhkəməyə hesabat-arayış təqdim edərək, inzibati xəta haqqında işin materialları ilə tanış olmaq, eyni zamanda məhkəmə iclasında iştirak üçün sərf etdiyi vaxtın cəmi 3 iş saatına bərabər olduğunu bildirərək, həmin haqqın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini xahiş etmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına əsasən müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın haqqı hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə müdafiəçi Vəkil dövlət büdcəsi vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla, cəmi 3 (üç) saat üçün nəzərdə tutulan 18 (on səkkiz) manat ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə müdafiəçi Vəkil dövlət büdcəsi vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla, cəmi 3 (üç) saat üçün nəzərdə tutulan 18 (on səkkiz) manat ödənilsin. (Kapital Bank” ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB********************, VÖEN ********** saylı) Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar