Məhkəmə qərarları › İş №3(015)-1006/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1006/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1006/2025 16.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, xx.xx.1990-cı ildə Qazax rayonu Canallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu Canalı kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 334- 1.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 16:05 radələrində “VAZ 21060” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, X6 Azərbaycan Respublikasının İXM-nin 329.1, 332.1 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü təqsirili bilərək izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 16:05 radələrində “VAZ 21060” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Narkotik vasitəni bir neçə gün əvvəl istifadə etmişdir. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərini nəzərə alıb ona cərimə tənbehi verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis baş leytenantı X2 göstərdi ki, X6 xx.xx.2025-ci il tarixdə saat 16:05 radələrində “VAZ 21060” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarında olan İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X6 həmin tarixdə saat 16:05 radələrində “VAZ 21060” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra onun sürücülük hüququnun olmaması və narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 3807/2025 nömrəli, xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə X3 götürülmüş nümunədə “metamfetamin” qəbulu faktı aşkar edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə akta əsasən ““VAZ 21060” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə duracağa qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 329.1 və 332.1-ci maddələri də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.1-ci maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1-327.5, 329-331, 332.1- 332.3, 338.1-338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1-342.1.8, 342.1.11, 342.2, 342.5-342.7, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2-346-1.4- cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxa bilərlər. Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, X6 tərəfindən İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, X6 İXM-nin 334-1.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və X5 qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada cərimə tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, və 334-1.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar