Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1071/2023 04.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firmasının nümayəndəsi (təsisçisi) X1 iştirakı ilə, Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Firmasına məxsus ünvan 1 ünvanında yerləşən aptekdə 24 avqust 2023-cü il tarixdə saat 14:10-da aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı sertifikatsız praktik tibbi fəaliyyət – müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin müfəttişi X6 tərəfindən Şəxs Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının təsisçisi X2 izahatında göstərdi ki, inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən yoxlama keçirilərkən aptekdə sertifikasiyadan keçməyən şəxslərin əczaçılıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” qaydalarına və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Lakin planlı yoxlama keçirilərkən qanununvericiliyin normalarına riayət etmədən, əsassız olaraq Şəxs Firması barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Ağstafa rayon prokurorluğunun “inzibati icraata başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 64c-23 saylı material üzrə araşdırma zamanı X4 Şəxs Firmasına məxsus Ağstafa rayonu, Heydər Əliyev prospekti 12 ünvanında yerləşən “Malta” adlanan aptekdə sertifikasiyadan keçmədən əczaçı olaraq işlədiyi müəyyən olunmuşdur. Ona görə də Şəxs Firmasının təsisçisi X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surəti baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. İş materiallarından görünür ki, Səhiyyə Nazirliyi tərəfindən Şəxs Firmasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində plandankənar (növbədənkənar) əczaçılıq sahəsində fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 21 avqust 2023-cü il tarixdə KY231957005 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktoru X3 1013 nömrəli 21 avqust 2023-cü il tarixli qərarından görünür ki, Ağstafa şəhəri, Heydər Əliyev prospekti (Mərkəzi Kolxoz bazarını yanı) ünvanında yerləşən Şəxs Firmasına məxsus aptekin fəaliyyətinin yoxlanılması məqsədilə plandankənar (növbədənkənar) yoxlama həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli, 581 nömrəli pərakəndə satış əczaçılıq müəssisələrinin plandankənar (növbədənkənar) yoxlama üzrə aktdan görünür ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Ağstafa şəhəri, Heydər Əliyev prospekti (Mərkəzi Kolxoz bazarını yanı) ünvanında yerləşən Şəxs Firmasına məxsus aptekdə həyata keçirilən yoxlama zamanı praktiki əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyadan keçmədən əczaçılıq fəaliyyətlə məşğul olması aşkarlanmışdır. İş materiallarında olan № 843 nömrəli diplomun surətindən görünür ki, X7 “Sosial Adaptasiya İnkişafına yardım İctimai Birliyi” Tədris Mərkəzini əczaçılıq ixtisası üzrə bitirmiş və ona 13 iyul 2021-ci il tarixli 843 qeydiyyat nömrəli diplom verilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri, tərəflərin izahatını araşdıraraq hesab edir ki, Şəxs X5 Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası”nın 1.4-cü bəndinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 13 iyul 2021-ci il tarixdən etibarən əczaçılıq ixtisası üzrə işləmək hüququna malik olduğu halda yuxarıda göstərilən hallar nəzərə alınmamış, Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Firması barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 24 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-1071/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1071/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver