Məhkəmə qərarları › İş №3(015)-1087/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1087/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1087/2024 22.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Ağstafa rayonu Köhnəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı icra sənədinə əsasən 26 yanvar 2021-ci il tarixdən başlayaraq Şəxs ilə X1 birgə nikahlarından 22 may 2015-ci il tarixdə anadan olmuş Ümüd adlı uşağın yetkinlikyaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, o, aliment borcunu ödəməkdən yayınmır. Əgər ona vaxt verilərsə aliment borcundan 300 manat ödəyəcəkdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı icra sənədinə əsasən 26 yanvar 2021-ci il tarixdən başlayaraq Şəxs ilə X1 birgə nikahlarından 22 may 2015-ci il tarixdə anadan olmuş Ümüd adlı uşağın yetkinlikyaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 130 manat aliment tutularaq X3 verilməsi barədə icra sənədi üzrə borcunu müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-967/2023 saylı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1878/2023 saylı və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(015)-64/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materialın sənədlərini nəzərdən keçirib hesab edir ki, sənədlər natamam olduğundan inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Məlum olduğu kimi, İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokol isə hər bir şəxsin barəsində fərdi tərtib olunmalı, həmin protokolda isə protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən protokolda yalnız Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı icra sənədi qeyd edilmiş, digər icra sənədləri və həmin icra sənədləri üzrə borc məbləğləri qeyd edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, fərdi identifikasiya nömrəsi, həmçinin, protokolu tərtib etmiş şəxsin soyadı, adı, atasının adı göstərilməmişdir. Məhkəmə bu səbəbdən hesab edir ki, həmin nöqsanlar aradan qaldırılması üçün inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar