Məhkəmə qərarları › İş №3(015)-1109/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1109/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1109/2023 17.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır: Belə ki, inzibati protokolu tərtib etmiş vəzifəli şəxs nzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların mövcudluğunu qiymətləndirmədən, inzibati xəta haqqında işə daxili işlər orqanlarında baxılmasının mümkünlüyünü araşdırmadan, həmin işi baxılması üçün məhkəməyə göndərmişdir. Bu isə kobud prosessual pozuntu kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Həmin Fərmanın 6-cı bəndinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsaslaırn olması qənaətinə gəlindikdə, inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininnin 43.1-ci maddəsində məhkəmələrin baxdığı aidiyyəti inzibati xətaların maddələri sadalanmışdır. İXM-nin 157-ci (döymə) maddəsi də həmin siyahıya aiddir. Lakin, İXM-nin 43.2 və 43.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən icraatındakı inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tədbirilərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə inzibati xəta haqqında protokolun baxılmaq üçün məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. Belə ki, hazırki protokol Şəxs barəsində inzibati tənbeh tədbirilərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsaslar müəyyən edilmədən məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyətli şəxs tərəfindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması araşdırılmadan İXM-nin 43.3-cü maddəsində qeyd olunan "qənaət"i müəyyən etmək mümkün deyil. Həmçinin, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilnməsi haqqında qərara əsasən Şəxs barəsində İXM-nin 157-ci (Döymə) maddəsi ilə inzibati icraat işi açılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixində Şəxs barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Bununla da İXM-nin 101-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İXM-nin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol həmin Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İnzibati işin materiallarında xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadın qəbul olunduğu müəyyən olunmur. İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə və bu Məcəllənin 227-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokol həmin siyahıya aid deyil. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Ağstafa Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xətalar haqqında protokol və ona əlavə edilmiş digər sənədlər onu tərtib etmiş orqana Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar