Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1193/2025 06.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin 18 noyabr 2024-cü il tarixli, 00200/06190 №-li qərarı ilə İXM-nin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə hüquqpozma predmetinin 50 %-i miqdarında, yəni 6726,88 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxs ona təyin olunmuş cəriməni qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, halhazırda işsizdir. Ona görə də cəriməni ödəyə bilmir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin 18 noyabr 2024-cü il tarixli, 00200/06190 №-li qərarı ilə İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinib 6726,88 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin, Şəxs işsiz olmasını və maddi imkanının aşağı olmasını bildirərək ona tətbiq olunmuş cəriməni ödəməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 529-cu maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Şəxs işə baxılana qədər ona Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin 18 noyabr 2024-cü il tarixli, 00200/06190 №-li qərarı ilə təyin olunmuş cərimənin tam ödənilib qurtarması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalı, ictimai işlər tənbehinin çəkilməsinin əvvəli qərarın faktiki olaraq icraya yönəldiyi vaxtdan hesablanmalı, onun üzərinə İXM-nin 28.3-1-ci maddəsinə əsasən ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdırdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 529-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək bir gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh edilsin. Şəxs ictimai işlər cəzasını yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin və cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq cəzanı çəkməyə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1193/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1193/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver