Məhkəmə qərarları › İş №3(015)-1202/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1202/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1202/2024 20.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi və Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, xx.xx.1981-ci ildə Qazax rayonu Canallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Ağtafa rayonu Canallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Kommunal oğlunin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 333-1.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsinin (RPŞ) X1 Bölməsinin (DYPB) Yol-Patrul Xidmətindən (YPX) daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinin X1 Bölməsinin Yol-Patrul Xidmətindən Şəxs Kommunal oğlunun barəsində İXM-in 327.1 və 333-1.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Kommunal oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması Ağstafa RPŞ-nin DYPB-nə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində məhkəmələrin baxdığı aidiyyəti inzibati xətaların maddələri sadalanmışdır. İXM-nin 327.1-ci maddəsi də həmin siyahıya aid deyil. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 333.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də hazırki inzibati işə həmin maddələr ilə baxılmışdır. Protokoldan görünür ki, sürücü Şəxs Kommunal oğlu xx.xx.2024-cü il tarixdə, saat 18:03 radələrində Ağstafa rayonu ərazisində idarə etdiyi “VAZ 2107 Minik” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulmasına görə saxlanılmış, yoxlama zamanı narkotik vasitədən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotikdən istifadə etməsi faktı aşkar olunuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Həmçinin işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Kommunal oğlu tərəfindən İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1086 nömrəli aktdan görünür ki, sürücü Şəxs Kommunal oğlu xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, müayinə zamanı sürücünün marixuana qəbul etməsi faktı aşkar edilmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, ““VAZ 2107 Minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın duracağa təhvil verilmişdir. Elektron sorğu sistemindən görünür ki, Şəxs Kommunal oğlu xx.xx.2023-cü il tarixli, BB601539 seriyalı, “B1, B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Kommunal oğlu Qanunun göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs Kommunal oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli aktla və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs Kommunal oğlu nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Kommunal oğlunda nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan o, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs Kommunal oğlunun əməlini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları törədilmiş inzibati xətanın xarakterini, Şəxs Kommunal oğlunun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Kommunal oğlu İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Kommunal oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə aid hissədə aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinin X1 Bölməsinin Yol-Patrul Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar