Məhkəmə qərarları › İş №3(015)-1237/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1237/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1237/2024 13.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, zərər çəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa rayon Polis şöbəsi (RPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa RPŞ tərəfindən tərtib edilmiş 13 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işlərə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Ağstafa rayonu Köçəskər kəndində yerləşən evində keçmiş arvadı X2 döymüşdür. xx.xx.2024-cü il tarixində Ağstafa şəhəri Heydər Əliyev prospektində xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci (Döymə, yəni döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə) və 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, heç vaxt ictimai yerdə kimlərisə təhqir etməmiş və ictimai qaydanı pozmamışdır. X3 onun həyat yoldaşıdır, Ağstafa rayonu Köçəsgər kəndindəki evi birgə nikah dövründə tikmişlər və o, da həmin evdə yaşayır. Onların birgə nikalarından 5 övladları var. Pərvanə ilə aralarında problemlər uşaqlara görə olur. xx.xx.2024-cü il tarixində uşaqlarla birlikdə evdə olarkən Pərvanə evə daxil olub icra hakimiyyətindən gəldiyini bildirərək uşaqlara nalayiq ifadələr işlədərək evi təmizləmədiklərinə görə uşağa irad bildirərək vurmuşdur. Bu zaman uşağı vurmaması üçün onu itələmiş və Pərvanənin başı gedib çarpayıya dəymişdir. Hazırda zərər çəkmiş şəxslə barışdığını, aralarında heç bir narazılığın qalmadığını bildirdi. Ona görə də məhkəmədən əməlindən səmimi peşman olmasının və zərər çəkmiş şəxslə barışmasının nəzərə alınıb barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Onlar hal-hazırda boşanmışlar və Ağstafa rayonu, Köçəsgər kəndində yaşayır. Bigər nikahlarından 5 övladları var. Boşanmaqlarına baxmayaraq Arif həmin onların yanında, həm də Tovuz rayonunda qalır. xx.xx.2024-cü il tarixində saat 16 radələrində Arif evə gəlmiş, saat 18 radələrində onunla sosial yardım düzəldilməsi üstündə, telefonunu açmadığına görə münahisə edərək əli ilə üzünə vurmuş və başı çarpayıya dəyib qanamışdır. Arif onu nalayiq ifadələrlə təhqir etmişdir. Hazırda barəsində inzibati iş üzrə icraat aparılan şəxslə barışdığını, aralarında heç bir narazılığın qalmadığını bildirdi. Ona görə də məhkəmədən barəsində inzibati iş üzrə icraat aparılan şəxslə barışmasının nəzərə alınıb inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsi qeyd edilmişdir. Lakin, protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin və hansı qanuni tələblərinə tabe olmaması və ya xırda xuliqanlıq kimi hərəkətlərinin nədə ifadə olunması göstərilməmişdir. Yalnız iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Ağstafa RPŞ-nin Post-Patrul Xidməti Bölüyünün (PPXB) polis nəfəri, polis serjantı Xaliq Məmmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Ağstafa RPŞ-nin əsas binasının qarşısındakı 1 nömrəli postda xidmətdə olarkən Ağstafa rayonu, Köçəsgər kənd sakini X1 Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin “102” - zəng mərkəzi sisteminə müraciəti əsasında Şəxs izahatının alınması üçün RPŞ-yə dəvət olunarkən orada ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Göründüyü kimi məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan müəyyən edilir ki, müvafiq raportda qeyd olunan xüsusatlar öz təsdqini tapmır. Dolayısı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hansı ictimai qaydanın pozulması halı protokol və iş materiallarında açıqlanmamışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İnzibati xəta haqqında işin materiallarında olan MTE və PA Birliyinin Ağstafa rayon şöbəsinin 24 may 2024-cü il tarixli, 190 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən X1 bədən səthində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər oludqları üçün dərəcələri təyin edilmir. Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən qəbul olunmuş 12 iyun 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona görə də məhkəmədən Şəxs ilə barışmasının və aralarında narazılıq olmamasının nəzərə alınıb inzibati işə xitam verilməsini xahiş etmişdir. Şəxs inzibati xəta haqqında işə baxılması zamanı zərər çəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal olduğuna görə ona inzibati tənbeh tətbiq edilə bilməz. Belə ki, İXM-nin 39-cu maddəsinə görə həmin Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53-cü maddəsinə əsasən, həmin Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:48-də inzibati qaydada tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barışdığına görə xitam verilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar