Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1255/2024 24.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 06 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs QSC 2022 - ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamaqla Azərbaycan Respublikası İXM-nin 464cü maddəsi ilə nəzərdə tutulmuş (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) inzibati xətanı törətmiş və barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC - yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən “Şəxs QSC - nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi istinad edilən inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs QSC barəsində inzibati məsuliyyət məsələsinə hüquqi qiymət verilməsi üçün bəzi qanunvericilik normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə məsuliyyət nəzərdə tutulmuşdur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmunundan göründüyü kimi audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması özüözlüyündə 2 yolla aparıla bilər: məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə). Qanunun mənasına görə audit yoxlanılması yalnız 2 halda məcburi aparıla bilər: 1) öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün 2) qanunla bilavasitə nəzərdə tutulmuş hallarda. Həmin Qanunun 16-cı maddəsinə görə auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəyə görə təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 11-ci maddəsinə görə kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 1) il ərzində oktyabr ayının 1dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2) oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3) digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Qanunun 12.1-ci maddəsinə görə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qanunun 12-ci maddəsinin 4 və 5-ci bəndlərinə görə kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir və mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına görə cavabdehdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3-cü bəndinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir. Kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Qaydaların 5.2-ci bəndinə görə maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Hüquqi şəxslər” adı altında təsnifatlaşdırılmış 4-cü fəslində öz əksini tapmış müddəalara görə hüquqi şəxslər təşkilati hüquqi formasına görə kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər növlərinə ayrılır. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur. Həmin Məcəllənin 107.6-cı maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Beləliklə yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materialları ilə müəyyən edilir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs QSC öz təşkilati hüquqi formasına görə qapalı səhmdar cəmiyyəti olmaqla 28 iyun 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, belə olan halda onun illik maliyyə hesabatının yoxlanılması üçün hər il müstəqil auditor cəlb etmək, yəni məcburi audit yoxlaması keçirmək vəzifəsi vardır. Şəxs QSC 2016-cı ildən qeydiyyata alındığından, 2022-ci il üçün illik hesabat dövrü həmin ilin yanvar ayının 1-dən, dekabr ayının 31-dək olan müddəti əhatə etmişdir. “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na görə Şəxs QSC 2022-ci ilin maliyyə hesabatı dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı il olan 2023-cü ilin aprel ayının 30-dan və iyun ayının 30-dək gec olmayaraq 2022-ci ilin maliyyə hesabatını təqdim etməli idi. Qapalı səhmdar cəmiyyətlərə münasibətdə qanunvericilikdə məcburi audit yoxlanılmasının hər il keçirilməsi nəzərdə tutulsa da lakin konkret olaraq hansı vaxtadək onun keçirilməsi barədə birbaşa göstəriş yoxdur. Yalnız Azərbaycan Respublikası MM-nin 107.6-cı maddəsinə əsasən qapalı səhmdar cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün hər il müstəqil auditor cəlb etməlidir. Belə olan halda, QSC 2022-ci ilin illik hesabatının düzgünlüyünü yoxlamaq məqsədilə 2023-cü il ərzində istənilən vaxt hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilib-edilməməsindən asılı olmayaraq 2023-cü ilin son gününədək, yəni xx.xx.2023-cü il tarixədək müstəqil audit cəlb edə bilər. Qeyd olunan son tarixədək MMC tərəfindən müstəqil audit cəlb edilmədiyi təqdirdə İXM-nin 464-cü maddəsilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. İXM-də nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyətə cəlb etmə müddətlərini tənzimləyən ümumi norma 38-ci maddənin məzmununa görə isə maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə həmin xətanın törədildiyi gündən ən geci bir il keçənədək şəxs məsuliyyətə cəlb edilə bilər. Məhkəməyə təqdim edilmiş sənədlərdən isə müəyyən edilir ki, Şəxs QSC tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 464-cü maddə ilə nəzərdə tutulmuş inzibati xəta 01 yanvar 2023-cü il tarixdə törədilmiş, həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti isə 01 yanvar 2024-cü il tarixdə artıq başa çatmışdır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, 53.0.6-cı maddəyə əsasən isə Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, törədilməsi istinad edilən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş xətaya görə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən Şəxs QSC barəsində iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, MN №2098457 nömrəli protokol əsasında inzibati tənbeh vermə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-1255/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1255/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver