Məhkəmə qərarları › İş №3(015)-1298/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1298/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1298/2024 27.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Ağstafa rayonu Qırılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Ağtafa rayonu Qırılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxsnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8 və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsinin (RPŞ) X7 Bölməsinin (DYPB) Yol-Patrul Xidmətindən (YPX) daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinin X7 Bölməsinin Yol-Patrul Xidmətindən Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də hazırki inzibati işə həmin maddələr ilə baxılmışdır. Protokoldan görünür ki, Ağstafa rayonu, Qırılı kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində idarəetmə hüququ olmadan qohumu X1 məxsus “VAZ-2106” markalı, **-BL-*** dövlət qedydiyyat nişanlı avtomobillə Ağstafa rayonu, Qırılı kəndində yerləşən “Ailəm” marketin qabağına çatarkən qəfildən qarşı hərəkət zolağına çıxaraq həmin hərəkət zolağında hərəkətdə olan X2 idarə etdiyi VAZ-2106 markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində Habil Əliyev idarəetməni itirərək yolun sağ tərəfinfə çıxaraq yolun kənarı ilə piyada hərəkətdə olan Ağstafa rayonu, Qırılı kənd sakini X3 vuraraq ona sol çanaq oynağında hemotomalı qançır, hərəkət məhdudluğu kimi yüngül dərəcəli bədən xəsarəti yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, İXM-in 327.8-ci və 332.-4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Ağstafa RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Təhmasib Yusifovun xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, hadisə təsadüf nəticəsində baş vermişdir. Hazırda zərərçəkmiş şəxsin heç bir şikayəti yoxdur. Nəqliyyat vasitəsi ilə hərəkət edərkən surət elə də çox olmamışdır, istəməzdir heç vaxt kiməsə xəsarət yetirsin. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Həmçinin işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən İXM-in 327.8-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək verdiyi etirafedici izahatı, yuxarıda qeyd edilən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 500 (beş yüz) manat məblləğində inzibati qaydada cərimə növündə tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, İXM-nin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar