Məhkəmə qərarları › İş №3(015)-1330/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1330/2025

18.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1330/2025 18.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Qədiməliyeva Şəbnəm Elxan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağstafa RPŞ-nın İTB-nin polis sahə rəisi polis leytenantı X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Ağstafa Rayon İcra Hakimiyyətinin binasının həyətində ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Ağstafa Rayon İcra Hakimiyyətinin binasının həyətində ucadan nalayiq ifadələr işlətməmiş, polis əməkdaşları onu nizam-intizama dəvət edərkən onların qanuni tələblərinə tabe olmuşdur. Göstərilənlərə əsasən, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Ağstafa RPŞ-nın İTB-nin polis sahə rəisi polis leytenantı X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında tərtib olunan protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində həbs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nın Köçvəlili PB-nin rəisi, polis mayoru Azad Vəkilov ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Ağstafa Rayon İcra Hakimiyyətinin binasının həyətində ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etsə də, Şəxs onun boynuna əl atmış, onu tutub saxlamağa çalışmış, bu zaman yaxasından tutaraq onu dartışdırdığına görə əraziyə yaxın polis əməkdaşlarını çağırmış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamış, lakin onu saxlayaraq Ağstafa RPŞ-ya təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Elşad Kərimov və Mirbaba Əliyev şahid Azad Vəkilovla eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Ağstafa Rayon İcra Hakimiyyətinin binasının həyətində nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan 17 oktyabr 2025-ci il tarixdə Ağstafa RİH əməkdaşları tərəfindən imzalanmış aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Ağstafa Rayon İcra Hakimiyyətinin binasının həyətində ucadan nalayiq ifadələr işlətməmiş, polis əməkdaşları onu nizam-intizama dəvət edərkən onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilmiş və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi şahid ifadələri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə, Şəxs özünü təqsirli bilməməsini özünümüdafiə olaraq, məsuliyyətdən yayınmaq istəməsi kimi qiymətləndirir. Belə ki o, ictimai qaydanı pozmuş, polis əməkdaşları tərəfindən nizamintizama dəvət olunsa da hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, hətta polis əməkdaşına da müqavimət göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta tərkibi əlamətləri mövcud olduğu üçün o, inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:10-da tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada həbs tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 05 (beş) gün müddətə, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:10-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X3 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar