Məhkəmə qərarları › İş №3(015)-1357/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1357/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1357/2025 27.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikasının Qida X1-Tovuz Regional bölməsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikasının Qida X1-Tovuz Regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Qida X1-Tovuz Regional bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarlarla X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 220.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati məsuliyyətdən azad olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Qida X1- Tovuz Regional bölməsi tərəfindən monitorinq aparılan zaman iştirak etməmiş və bu barədə ona məlumat verilməmişdir. O, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hər bir yancaqdoldurma məntəqsində su çənin yerləşdirilməsi qanunla müəyyən olunmuşdur. Onun da fəaliyyət göstərdiyi yancaqdoldurma məntəqsində əmək müqaviləsi ilə çalışan işçiləri həmin su çənindən istifadə edirlər. O, su satışını həyata keçirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Bu səbəbdən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar əsassızdır. Ona görə də, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4, su satışını həyata keçirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirərək, şikayət ərizəsini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X1-Tovuz Regional bölməsinin nümayəndəsi Nümayəndə2 şikayətə öz etirazını bildirərək göstərdi ki, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində ərazidə monitorinq keçirilmiş, monitorinq zamanı X3 məxsus modil tipli su aparatından nümunə götürülərək müayinə edilmiş və həmin suda bakteriyalar aşkar olunmuşdur. Ona görə də, X2 barəsində müvafiq protokol və qərar qəbul olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş sübutları və şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli əməlin baş verməsini və ya aradan qaldırılmasını müəyyən etməlidir. İnzibati xəta icraatının məqsədləri, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin Madddə 8). Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Qida X1-Tovuz Regional bölməsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşdirilmiş modil tipli su aparatları üzrə monitorinqlər keçirilmişdir. Aparılan monitorinq zamanı Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən vəzifəli şəxs X3 məxsus modil tipli (daşınabilən) qida obyektindən (su aparatı) su məhsulundan nümunə götürülürək laborator müayinələrin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına verilmişdir. Sınaq protokoluna əsasən sözügedən məhsulun tərkibində mikrobioloji uyğunsuzluq, MAFAnMM 370C və Pseudomonas aeruginosa aşkar olunmuşdur. Bununla da, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi haqqında Qanununun 19-cu maddəsinin tələbləri pozulmuşdur. Bu barədə yoxlamanın nəticələri üzrə xx.xx.2025-ci il tarixdə qərar qəbul olunmuş və həmin pozuntuların aradan qaldırılması üçün 30 gün, yəni xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Eyni zamanda, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 220.9-cü maddəsi ilə inzibati protokol tərtib edilərək, həmin protokola baxılması xx.xx.2025ci il tarixə təyin edilərək bu barədə ona həmin işə baxılmasında iştirak etməsi üçün xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Qeyd edilən materiala baxılmasının yeri və vaxtı barədə Ə.Alməmmədova rəsmi məlumat verilsə də, sonuncu heç bir üzrlü səbəb göstərmədən materiala baxılmasında iştirak etmədiyindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol əsasında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 220.9-cu maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş üzrə şikayətçi Əyyam Alməmmədov su satışını həyata keçirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını qeyd etsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki iş materiallarından görünür ki, X3 məxsus ********** nömrəli VÖEN vardır və o vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Şikayətçi özü də ərizəsində Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Yəni, Əyyam Alməmmədov vəzifəli şəxs kimi başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri icra etmək səlahiyyətində olmuş, onun tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində hazırki inzibati xəta törədilmişdir. Ona görə də hazırki inzibati xəta haqqında material üzrə o, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmuşdur. Göründüyü kimi, şikayətçi qeyd etdiyi halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş və onun qeyd etdikləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ticarət (xidmət) obyektlərində qida və yem məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir. Qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən ticarət (xidmət) obyektlərində qida və yem məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir. Həmin Qanununun 19.2-ci maddəsinə əsasən Qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər. Göründüyü kimi, Əyyam Alməmmədov tərəfindən Qida məhsullarının satışı və istehlakı zamanı onların təhlükəsizliyinə dair tələblər pozulmuş, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması isə şəxslərin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.9-cu maddəsinə əsasən təhlükəli qida və yem məhsullarının ilkin istehsalına, istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə – fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X4 qida təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərini pozduğundan, xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol əsasında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 220.9-cu maddəsi ilə təqsirli bilinib vəzifəli şəxs kimi ən aşağı həddə 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Əyyam Alməmmədovun barəsində qərar qəbul olunarkən qanunvericiliyin maddi və prosessual tələblərinə riayət olunaraq heç bir hüquq və ya qanun pozuntusuna yol verilməmiş, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar faktiki sübutlarla müəyyən edilərək düzgün qərar qəbul edilmişdir. Ona görə də, şikayət təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Qida X1-Tovuz Regional bölməsi tərəfindən X2 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida X1-Tovuz Regional bölməsi tərəfindən X2 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar