Məhkəmə qərarları › İş №3(015)-1386/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1386/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1386/2023 05.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1978-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli 2(015)-67/2015 saylı icra sənədinə əsasən Şəxs 28 oktyabr 2014-cü il tarixdən başalayaraq 13 avqust 2014-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 ödənilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, işsiz olduğundan alimenti ödəyə bilməmiş və onun halhazıra aliment üzrə borcu yaranmışdır. Hal-hazırda sürücü işləyir. 10 gündən sonra borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də ona cərimə cəzasının verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs təyin olunmuş 103 manat alimenti tələbkara ödəməmiş və onun aliment üzrə 8529 manat borcu yaranmışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və ona inzibati həbs növündə tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 1(015)-18/2018 saylı hökmündən görünür ki, Şəxs alimentdən yaranan borcunu ödəmədiyinə görə barəsində cinayət işi başlanılmış və Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Müəyyən olunduğu kimi, Ağstafa Rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli 2(015)-67/2015 saylı icra sənədinə Şəxs Fidan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Şəxs alimentdən yaranan borcu 8529 manat təşkil edir. Baxmayaraq ki, Şəxs təyin olunan aliment öhdəliyi çox da yüksək deyil. Şəxs maddi imkanının zəif olmasını və ona görə də alimenti ödəyə bilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, aliment öhdəliyi olan şəxs qazancının bir hissəsini aliment borcuna ödəməlidir. Şəxs anlamalıdır ki, onun ödədiyi aliment övladının saxlanılması, qidası üçün ödədiyi puldur. Lakin Şəxs məlum olduğu kimi alimentdən yaranan borcunu ödəmədiyinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, o alimentdən yaranan borcunu yenə də ödəməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 dekabr 2023-cü il saat 16:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X5 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar