Məhkəmə qərarları › İş №3(015)-1470/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1470/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1470/2025 13.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Paxtakor şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-238/2025 saylı qətnaməsi ilə Şəxs 11 noyabr 2019-cu ildə anadan olmuş Şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 345 manatın 0,58 misli məbləğində aliment Şəxs qızının xeyrinə tutulmuş borcun icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş və onun aliment borcu üzrə 1064 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, alimenti mütəmadi olaraq ödəyir. Alimentin artırılmasından sonra ödənişləri tam şəkildə edə bilmir. Alimentin miqdarı 180 manat olarsa tam şəkildə ödəyə bilər. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahatında göstərdi ki, Şəxs aliment artırılandan sonra borcu yığılıb qalıb. Halbuki o, fərdi işlə məşğuldur, kifayət qədər gəliri olur, hətta bir neçə obyektləri var, qardaşı ilə birlikdə açıb işlədirlər. Uşağın bütün ehtiyaclarını özü qarşılayır, Şəxs bir ata kimi nə uşaqla maraqlanmır, heç bir maddi yardım göstərmir. Belə ki, uşağın səhhətində problem var, onun loqoped, psixoloq xərclərini də özü təkbaşına qarşılayır. Hazırda Şəxs obyektləri, gəliri var. Aliment borcunu ödəyə bilər. Məhkəmə iclasında Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-238/2025 saylı qətnaməsi ilə Şəxs 11 noyabr 2019-cu ildə anadan olmuş Şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 345 manatın 0,58 misli məbləğində aliment Şəxs qızının xeyrinə tutulmuş borcun icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş və onun aliment borcu üzrə icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş və onun aliment üzrə 1064 manat məbləğində borcu yaranmışdır. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Müəyyən olunduğu kimi, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)- 238/2025 saylı icra sənədinə əsasən Şəxs aliment borcu 1064 manat təşkil edir. Şəxs işləmədiyi üçün icra sənədi üzrə yığılıb qalmış borcunu ödəmədiyini bildirmişdir. Məhkəmə tərəfindən Şəxs borcunun könüllü ödəməsi təklif olunsa da, imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirmişdir. İşin hallarından görünür ki, Şəxs icra sənədi üzrə yığılıb qalmış aliment borcunu bu günədək qərəzli şəkildə ödəməkdən yayınmışdır. Qeyd olunmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 noyabr 2025-ci il tarixdən, saat 18:15-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X5 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar