Məhkəmə qərarları › İş №3(015)-1481/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1481/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1481/2025 20.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(015)-787/2019 nömrəli icra sənədinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay Şəxs bir uşağa görə 160 manat olmaqla, iki uşağa görə hər ay 320 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməsi barədə icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş, buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, aliment ödəməkdən yayınmamışdır. O, yaranmış borcu inkar etməmiş, həmin borcu bir dəfəyə və tam həcmdə ödəyəcəyini bildirmişdir. Qarşı tərəflə razılıq əldə olunmuşdur. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edib göstərdi ki, Şəxs barəsində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(015)-787/2019 nömrəli icra sənədi icraatına daxil olduqdan sonra Şəxs yaşadığı ünvana bildiriş göndərilsə də, o, heç bir ödəniş etməmişdir. Lakin protokol tərtib olunandan sonra tələbkarla razılaşmış borcunu tam şəkildə ödəyəcəyi ilə bağlı söz vermişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınaraq X6 barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, Şəxs icra sənədi üzrə ödənişlərini mütəmadi etmişdir. İşdən görünür ki, icra sənədi xx.xx.2019-cu ildə icraya yönəldilsə də, alimentin tutulması tarixi xx.xx.2019-cu ildən hesablanmışdır. İcra məmuru tərəfindən bildirşlər göndərilsə də, borclu borcunu tam şəkildə ödəməmiş, onun 6382 manat borcu yaranmışdır. İcra məmuru tərəfindən borclu barəsində icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırki vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməməsi, tələbkara heç bir əmlak verməməsi və ya hər hansı miqdarda pul ödəməməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 20 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 20 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar