Məhkəmə qərarları › İş №3(015)-1497/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1497/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1497/2024 26.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Qusar rayon Polis şöbəsi (RPŞ) tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayətlə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair “ 04 noyabr 2020-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. X2 rayonu, Dağkəsəmən kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğundan şikayət ərizəsinə barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə Ağstafa Rayon Məhkəməsində baxılmışdır. X1 ərizəsini onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş protokol və həmin protokol üzrə qəbul edilmiş qərarla razı deyil. Belə ki, xx.xx.2024-cü il tarixində səhər saatlarında Qusar rayonu ərazisində (Qusar bazarının yanı) idarə etdiyi nəqliyyat vasitəsini yol kənarında qadağan olunmayan ərazidə saxlayaraq siqaret çəkdiyi ərəfədə yolun digər kənarında dayanan Post-patrul xidmətinin əməkdaşı tərəfindən onun yanına gəlmək tələb olunmuşdur. Polis əməkdaşına yaxınlaşdıqdan sonra ona siqaret çəkməyin qadağan olunduğu, 30 manat cərimə olunacağı bildirilərək qarşılıqlı razılıq olduğu təqdirdə cərimənin yazılmayacağı təklif edilmişdir. Buna etiraz edərək qayda pozmadığını, açıq havada siqaret çəkilməyin qadağan olunmadığı yerdə siqaret çəkdiyini, bunlara baxmayaraq əgər cərimə yazılacaqsa rəsmi yazılmasını bildirsə də polis əməkdaşı təzyiqlərə davam edərək rəsmi yazılmayacağını ona bildirmişdir. Bir müddət sonra Postpatrul xismətinin avtomobili ona yaxınlaşaraq bölməyə aparmışdır. Lakin, bölməyə çatmamış onu yolun ortasında düşürmüşlər. Bir müddət sonra onun mobil nömrəsinə “sms” məlumat gələrək EXP ******* nömrəli protokol əsasında EPQ ******* saylı qərarla 30 manat məbləğində cərimə olunduğu bildirilmişdir. Yekun olaraq o, Qusar RPŞ tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 212.1-ci maddəsilə olan EXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş EPQ seriyalı, ******* qərarın ləğv olunması, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və polis əməkdaşının qeyri-qanuni hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə barəsində xüsusi qərardad çıxarılaraq cinayət işinin başlanılması üçün prokurorluğa məlumat verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Qusar RPŞ-nin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilərək X4 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X8 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qusar RPŞ tərəfindən qəbul edilmiş edilmiş 09 avqust 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X8 barəsində tərtib edilmiş 09 avqust 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 212.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 30 manat cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 212.1-ci maddəsinə əsasən Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə-otuz manat məbləğində cərimə edilir. Qeyd edilən 09 avqust 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X8 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 212.1ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Qusar RPŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və şikayətin məzmunundan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 09 avqust 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli protokol inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması halı aşkar edilmədiyindən X4 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. X3 RPŞ-nin polis əməkdaşı barəsində xüsusi qərar çıxarılmasına dair tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, polis əməkdaşının şikayətçiyə qarşı cinayət hüquq pozuntusunu törətməsi, onun əməlinin cinayət-hüquqi xarakterli olması və polis əməkdaşının cinayət-hüquqi xarakterli əməli ilə nəticəsi arasında səbəbli əlaqənin olması müəyyən olunmadığından onun barəsində xüsusi qərar çıxarılması üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan əsaslar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis şöbəsi tərəfindən 09 avqust 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis şöbəsi tərəfindən 09 avqust 2024-cü il tarixli, EXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar