Məhkəmə qərarları › İş №3(015)-1542/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1542/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1542/2024 26.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Ağstafa rayonu, Yenigün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə məhkum olunmamış, Ağstafa rayonu, Yenigün kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa rayon Polis şöbəsi (RPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa RPŞ tərəfindən tərtib edilmiş 26 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işlərə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Ağstafa rayonu Yenigün kəndində yerləşən evində arvadı X3 ilə mübahisə edərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, ictimai qaydanı pozmamışdır. X3 onun həyat yoldaşıdır, xx.xx.2024-cü il tarixində yaşadıqları Ağstafa rayonu, Yenigün kəndində yerləşən evə gələndə həyat yoldaşının narazılıq etdiyinin şahidi olmuş, mübahisə etdikdən sonra onu gecə saat 01:30da atası evinə aparıb evə qayıtmışdır. Evdə olarkən təxminən 03 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə aparmışlar. Şöbədə ona məlum olmuşdur ki, həyat yoldaşı X3 onun barəsində polisə şikayət etmişdir. Zərər çəkmiş şəxs X1 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyil. Həmçinin, inzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq etməsi göstərilsə də, məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmamışdır. Yalnız iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Ağstafa RPŞ-nin İctimai- Təhlükəsizlik Bölməsinin (İTB) polis sahə rəisi, polis leytenantı Təhmasib Orucov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Ağstafa rayonu Yenigün kənd sakini X2 müraciəti əsasında Şəxs izahatının alınması üçün RPŞ-yə dəvət olunarkən orada ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 26 avqust 2024-cü il tarixdə Ağstafa rayonu Yenigün kəndində yaranmış mübahisə zamanı Şəxs hərəkətləri nəticəsində aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 26 avqust 2024-cü il tarixli protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin materiallarında olan, xx.xx.2024-cü il tarixli, 261 №-li tibbi müayinə aktından görünür ki, Şəxs müayinə olunarkən qanında alkoqolun konsentrasiyası 4,374 promilli olmaqla alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Həmçinin iş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib MN seriyalı ******* nömrəli, 26 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar