Məhkəmə qərarları › İş №3(015)-1579/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1579/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1579/2023 22.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakı ilə, xx.xx.1999-cu ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağstafa rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 22 dekabr 2023-cü il tarixdə Ağstafa şəhərində yerləşən bazarda pirotexniki məhsulların satışı ilə məşğul olmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağstafa rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 22 dekabr 2023-cü il tarixdə, saat 10:30 radələrində Ağstafa rayon Polis şöbəsinin Post-patrul xidmətinin Əsgərli Elmar, Məmmədli Rüfət və İlyasov Hikmət adlı polis nəfərləri xidmətdə olarkən Ağstafa şəhərində yerləşən bazarda Şəxs sarı rəngli qutunu açdığını görmüşdür. Həmin şəxsə yaxınlaşaraq qutunun içərisində nə olduğunu soruşduqda pirotexniki vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin qutu Şəxs götürülərək polis şöbəsinə təmin edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şəxs pirotexniki vasitələrin istehsalinın və satışının həyata keçirməsinin şahidi olmamış və bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Ağstafa şəhəri Mərkəzi Bazarda içində pirotexniki vasitə olan bağlamanı ünvana çatdırmağ üçün götürmüşdür. Bu zaman polis əməkdaşları yaxınlaşaraq ondan həmin paketdə nə olduğunu soruşmuşdur. O isə həmin paketdə pirotexniki vasitə olduğunu bildirmişdir. Əməlindən peşmandır, lakin etdiyi hərəkətlər pirotexniki vasitələrin istehsalı və ya satışı kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Ağstafa rayon Polis şöbəsinin Post-patrul xidmətinin polis nəfəri Əsgərli Elmar tərəfindən Ağstafa rayon Polis şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-ci il tarixdə Post-patrul xidmətinin Məmmədli Rüfət və İlyasov Hikmət adlı polis nəfərləri ilə inzibati ərazidə xidmətdə olarkən Ağstafa şəhərində yerləşən bazarda təxminən saat 10:30 radələrində bir nəfər şəxsin qarşısında sarı rəngli qutunu açdığını görüb ona yaxınlaşmışdır. Özlərini təqdim edərək onun nə olduğunu soruşduqda həmin şəxs həyacanlanaraq bilmədiyini, daha sonra pirotexniki vasitə olduğunu bildirmişdir. O isə öz növbəsində həmin şəxsi şöbəyə dəvət etmişdir. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Belə ki aşağıdakılara əsasən şəxsin törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin dispozisiyasından göründüyü kimi istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin tərkib əlamətlərinə rast gəlinmir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən pirotexniki vasitənin daşınması həmin vasitənin istehsalı və ya satılması kimi qiymətləndirilə bilməz. Belə olduğu təqdirdə Şəxs barəsində başlamış inzibati xəta haqqında iş üzrə icraata xtam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar