Məhkəmə qərarları › İş №3(015)-1600/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1600/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1600/2024 06.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsinin (RPŞ) İctimai-təhlükəsizlik Bölməsinin (İTB) sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Qazax rayonu, Kolxəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Ağstafa rayonu, Kolxəlfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 06 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işlərə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən 01:52-də Ağstafa rayonu Kolxəlfəli kəndində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir, həmçinin polisə tabesizlik göstərmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməsi) və İXM-nin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saat 01 radələrində müharibə veteranı iştirakçısı kimi ona təyin olunmuş müavinətin verilməsinə dair kartı anasından istədiyinə görə yaşadıqları Ağstafa rayonu Kolxəlfəli kəndində aralarında mübahisə yaranmışdır. Bundan sonra anası ondan polisə şikayət etmiş və nəticədə həmin gün axşam polis əməkdaşları gələrək onu Ağstafa RPŞ-yə aparmışlar. Qeyd etmək istəyir ki, o, həmin vaxt ictimai qaydanı pozmamış, polisə müqavimət göstərməmiş və ümumiyyətlə hər hansı inzibati xəta törətməmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası DİN Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolda və raportda göstərilən xüsusatları bir daha təsdiq edərək, Şəxs ictimai qaydanı pozmasını, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını göstərmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərədə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddələr ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, inzibati xəta törətmiş şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element- obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh növünün tətbiqinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyil və məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmamışdır. Yalnız iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs Ağstafa rayonu Kolxəlfəli kəndində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu Kolxəlfəli kəndində yaranmış mübahisə zamanı Şəxs hərəkətləri nəticəsində aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib element kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı və ictimai asayişi pozmamış, inzibati xəta törətməmiş və digər hüquqpozmalara yol verməmiş, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin, ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXMnin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxsin saxlanıldığı vaxtdan müəyyən müddət keçsə belə polisin şəxs barədə şübhələri öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Həmçinin iş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib MN seriyalı, ******* nömrəli, 06 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar