Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1660/2024 06.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X2 iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən qəbul olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən qəbul olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, ailəsinə məxsus Ağstafa rayonu, Mərkəzi bazarın yanında, Ağstafa şəhəri, Alış Mustafayev küçəsində ticarət obyekti, yəni dükanı vardır. Əvəllər atası, hal- hazırda isə o, sahibkar kimi fəaliyyət göstərir və vergi ödəyicisidir. Dükanda məişət əşyaları satışı ilə məşğul olur. Dükanın sağ və sol tərəflərində, eyni zamanda qarşısında da dükanlar vardır. Həmin yerdə yerləşən bütün dükanlar, eyni zamanda onların dükanın qarşısında piyadaların hərəkətinə maneə yaratmadan dükanda olan mallardan bəzilərini dükanın qapısının qarşısına yığmışdır. xx.xx.2024-cü il tarixində atası ilə birlikdə dükanda olarkən Ağstafa RPŞ-nın polis əməkdaşları dükana daxil olaraq ona rəhbərliyin göstərişi ilə inzibati protokol yazacaqlarını bildirmişlər. O, isə onlardan inzibati pratokolun hansı əsasla, nəyə görə yazıdıqlarını soruşmuşdur. Bundan sonra sahə polis rəisi Seymur İsayevin tərtib etdiyi pratokolun məzmunu ilə onu tanış etmədən, protokola imza etməsini tələb etmiş, o, isə protokolla tanış olmadan imza etməyəcəyini demişdir. Polis zabiti Seymur İsayev isə heç bir söz demədən dükandan çıxıb getmişdir. Təxminən 1 aydan sonra ona məlum olmuşdur ki, Ağstafa RPŞ-nın İTB-nin polis sahə rəisi Seymur İsayev onun barəsində İXM-nin 454-cü maddəsi (küçə ticarəti) ilə inzibati protokol tərtib etmiş və pratokolun sürətinin icra olunması üçün Ağstafa rayonun İcra şöbəsinə göndərilmişdir. Həmin vaxtdan sonra dəfələrlə Ağstafa rayon polis şöbəsinə gedərək barəsində yazılmış protokolun və qərarın surətini istəsə də həmin sənədləri ona verməkdən imtina etmişlər. Nəticədə xx.xx.2024-cü il tarixidə protokolun və qərarın surətini ona təqdim etmişlər. Barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş MN1682213 №-li, xx.xx.2024-cu tarixli inzibati tənbeh vermə haqqında qərar tamami ilə qanunsuz və əsassız yazılmışdır. Protokol tərtib edilərkən İnzibati Prosesual qanunvericiliyin tələbləri kobud formada pozulmuşdur. Belə ki, o, özünə məxsus obyektdə küçə ticarəti ilə məşğul olmur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edib göstərdi ki, hadisə baş verən gün mal aldığı firma maşınları ona yeni mallar gətirmiş və o, həmin malları dükana yığan zaman polis əməkdaşları gələrək fotoşəkillər çəkərək inzibati xəta haqqında protokol tərtib etmişlər. Bu səbəbdən hesab edir ki, protokol və qərar əsassızdır. Ona görə də şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X4 şikayəti qəbul etməyib göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri A.Mustafayev küçəsində reyddə olarkən Bəhruz Yolçuzadənin özünə məxsus obyektin qarşısına malları yığmasını və küçə ticarəti ilə məşğul olmasını görüb fotoşəkillər çəkərək inzibati xəta haqqında protokol tərtib edərək qərar qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, X3 onun oğludur. Obyekt ona məxsus olsa da oğlu işlədir. hadisə baş verən gün mal aldığı firma maşınları ona yeni mallar gətirmiş və o, həmin malları dükana yığan zaman polis əməkdaşları gələrək fotoşəkillər çəkərək inzibati xəta haqqında protokol tərtib etmişlər. Bu səbəbdən hesab edir ki, protokol və qərar əsassızdır. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İş materiallarından görünür ki, X1 işlətdiyi mağaza onun atası Nümayəndə məxsusdur və həmin mağazada B.Yolçuzadə ticarətlə məşğul olur. xx.xx.2024-cü il tarixdə Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət halları aşkarlanaraq aradan qaldırılması üçün Ağstafa şəhəri A.Mustafayev küçəsində yerləşən Ağstafa şəhəri Mərkəzi bazarında reyd keçirilmişdir. Həmin reyd zamanı qeyd edilən küçədə Bəhruz Yolçuzadənin özünə məxsus obyektin qarşısına malları yığmasını və küçə ticarəti ilə məşğul olması faktı aşkar olunmuş, bu barədə fotoşəkillər çəkilərək B.Yolçuzadənin barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİNnin Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən qəbul olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş üzrə şikayətçi Bəhruz Yolçuzadə küçə ticarəti ilə məşğul olmamasını, hadisə baş verən gün mal aldığı firma maşınları ona yeni mallar gətirməsini və o, həmin malları dükana yığan zaman polis əməkdaşları gələrək fotoşəkillər çəkərək inzibati xəta haqqında protokol tərtib etməsini bildirsə də qeyd edilən halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Fotoşəkillərdən görünür ki, şikayətçinin mağazasının önündə satış malları səliqəli formada düzülmüşdür. Firma mallarının yük maşınından boşaldılmasını əks etdirən hala uyğun gəlmir. Əsasən mallar yük maşınından parakəndə formada boşaldılır. Burada isə qeyd olunduğu kimi, mağazanın önündə malların satışı məqsədilə yığılması müəyyən olunur. Onun qeyd etdiyi hallar Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərlə inkar olunuraq, hadisə vaxtı B.Yolçuzadnin qanunsuz küçə ticarəti ilə məşğul olması öz təsdiqini tapmışdır. Eyni zamanda şikayətçi Bəhruz Yolçuzadə Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarının 5.35-ci maddəsini əsas gətirərək onun törətdiyi hadisənin inzibati xəta olmamasını bildirmişdir. Həmin maddəyə əsasən səyyar formada və ya daimi ticarət yerindən kənarda evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları meyvətərəvəz məhsulları istisna olmaqla, qida məhsullarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir. Göründüyü kimi şikayətçi Bəhruz Yolçuzadənin törətdiyi hadisə yuxarıda qeyd olunan maddənin tərkib əlamətlərini əks etdirmir. Belə ki, o, səyyar formada və ya daimi ticarət yerindən kənarda deyil Ağstafa şəhəri Mərkəzi bazarın yanında işlətdiyi dükanın qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində inzibati cərimə nəzərdə tutulmuşdur. Eyni zamanda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli fərmanının 5.53-cü maddəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə inzibati icraata Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır. Göründüyü kimi Bəhruz Yolçuzadənin barəsində qərar qəbul olunarkən qanunvericiliyin maddi və prosessual tələblərinə riayət olunaraq heç bir hüquq və ya qanun pozuntusuna yol verilməmiş, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar faktiki sübutlarla müəyyən edilərək düzgün qərar qəbul edilmişdir. Ona görə də şikayət təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən X1 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən X1 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1660/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1660/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver