Məhkəmə qərarları › İş №3(015)-1842/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1842/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1842/2024 15.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1978-ci ildə Qazax rayonunun Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Ağstafa rayonunun Poylu qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157 və 232-1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində Ağstafa rayon Mərkəzi Xəstəxanasının inzibati binasında qeyri-rəsmi münasibətdə olduğu X1 ağır olması səbəbilə xəstəxananın həkimlərinin sonuncuya gec tibbi yardım göstərməsinə görə əsəbləşərək xəstəxanın giriş qapısının şüşəsini sındırmış və xəstəxananın həkimi X4 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində Ağstafa rayon polis şöbəsi tərəfindən İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, onun X6 ilə uzun müddətdir münasibətləri var. O, 2020-ci ildə baş vermiş Qarabağ müharibəsində xəsarət almışdır. Hazırda səhhətində problemlər var. xx.xx.2024-cü il tarixdə onun vəziyyəti pisləşdiyi üçün yaşadıqları Ağstafa rayonu Həsənsu kəndində yerləşən evlərinə X12 çağıraraq Ağstafa rayon mərkəzi xəstəxanasına gətirmişlər. Orada həkimlər X11 Yardım avtomobili ilə Bakı şəhərinə aparılmasını bildirmişlər. Lakin avtomobil nasaz olduğu üçün həmin ambulans avtomobilinin düzələndən sonra gedilə biləcəyini onlara demişlər. O, Ceyhunun bacısı ilə birlikdə xəstənin vəziyyəti pis olduğu üçün yaxınlaşıb ambulans tələb etdikdə Əfsanə adlı qadın onlara çölə çıxmalarını deyib qapını bağlamaq istəmiş, bu zaman qapını itələmək istəyəndə qapının şüşəsi sınmışdır. Həmin zaman həyəcanlı olduğu üçün nə etdiklərini tam olaraq xatırlamır. Zərərçəkmiş şəxsdən üzr istəyir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, o, 3 ildir ki, Ağstafa rayon mərkəzi xəstəxanasının TTYS-nın həkimi işləyir. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində növbəyə gəlmişdir. TTYS-nın şöbə müdiri olan Həcər həkim ona zəng edərək, Acil şöbəsində xəstə olduğunu və Bakı şəhərinə aparılmalı olduğunu bildirmişdir. O, da razılaşaraq çantasına ləvazimatlarını yığıb gözləmişdir. Uzaq yol üçün istifadəyə verilmiş avtomobilin xarab olması, təmri edildiyi üçün onlara gözləməklərini bildirmişlər. O, da heç bir çağırışa getməyib, Bakı şəhərinə xəstə aparmaq üçün gözləmişdir. Bu zaman saat 16:00 radələrində xəstənin bacısı adını bilmədiyi bir qadın otağa daxil olaraq nə üçün gedilmədiyini, çoxmu gözləyəsi olduqlarını soruşduqda, o avtomobilin təmir olunaraq bitdikdən sonra gedəcəklərini bildirmişdir. Bundan sonra xəstənin atası gələrək eyni sualları verdikdə, o, həmin şəxsə avtomobil təmir olunduqdan sonra Bakıya gedəcəklərini bildirmişdir. Bundan sonra həmin şəxs çıxıb sürücülər olan yerə getmişdir. Biraz keçmiş xəstənin bacısı və yanında olan sevgilisi Leyla adlı qadın gələrək qapının qarşısında duraraq pəncərəyə vurub ucadan qışqırıb “Qazi burada ölür, heç kim onu aparmaq istəmir” deyərək bərk bərk qapını və pəncərəsini vurmuş, pəncərələr sınaraq yerə tökülmüşdür. Hər iki şəxs içəriyə keçib stolun üzərində olan əşyaları ona tərəf atmış, həmçinin xəstənin bacısı stulu götürüb ona tərəf atmış, lakin stul divara dəymişdir. Leyla atdığı əşyalardan biri onun sol ayağının topuq hissəsinə dəymişdir. Bu zaman otaqda onunla dispeçr Gülnardan başqa heç kəs olmamışdır. Hadisə zamanı Leyla adlı şəxs yerdən şüşə parçası götürərək onun üstünə gəlmiş və əlindəki şüşəni boğazına tutub onu öldürəcəyini demişdir. O, da DİN-nin 102 xidmətinə zəng edərək təcili polis gəlməsini bildirmişdir. Daha sonra mühafizəçilər içəri girərək çətinliklə də olsa onu Leylanın əlindən almışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhhətində problem olduğu üçün TTY avtomobili onu yaşadığı Ağstafa rayonu, Həsənsu kəndindən götürərək Ağstafa rayon mərkəzi xəstəxanasına gətirmişdir. Xəstəxanada ona bildirmişlər ki, səhhəti ilə əlaqədar təcili Bakı şəhərinə getməlidir. Ona bildirmişlər ki, biraz gözləsin ambulans avtomobili gələcək. Lakin uzun müddət keçməsinə baxmayaraq avtomobil gəlməmişdir. Daha sonra atası gedib maralandıqda ona avtomobilin remeninin tapılmamasını bildirmişlər. Taksi ilə Bakıya getmək istədikdə taksi də onu Bakı şəhərinə aparmamışdır. Maşına minmək istədikdə vəziyyəti daha da pisləşmiş, bundan sonra tanışı Leyla, anası və bacısı X8 binaya getmiş, daha sonra səs küy gəldiyini eşitmişdir. Ora getdikdə görmüşdür ki, bacısının qolu kəsilmiş və anasının gözünə şüşə dolmuşdur. Daha sonra onu TTY avtomobili ilə Bakı şəhərinə göndərmişlər. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində Ağstafa rayon Mərkəzi Xəstəxanasının inzibati binasında qeyri-rəsmi münasibətdə olduğu X1 ağır olması səbəbilə xəstəxananın həkimlərinin sonuncuya gec tibbi yardım göstərməsinə görə əsəbləşərək xəstəxanın giriş qapısının şüşəsini sındırmış və xəstəxananın həkimi X4 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Həmin, hadisə baş verən zaman X7 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, adını bilmədiyi xəstənin qohumunun şüşə parçası ilə üzərinə hücum edərək onun boğaz nahiyyəsinə şüşə parçasını tutub münaqişəli vəziyyət yaratmasını, ünvana təcili polis əməkdaşlarını yaxınlaşmasını bildirmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı Əfsanə Məmmədova ekspertizadan keçirilmiş, iş üzrə alınmış ekpsert rəyində isə onun xəsarətləri yüngül olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan toplanmış material üzrə əməldə cinayət hadisəsi olmadığından 14 sentyabr 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, Şəxs Ağstafa RMX PHŞ-in TTY şöbəsində yaratdığı qalmaqal nəticəsində xəstəxanaya 58 manat dəyərində maddi ziyan dəyməsi barədə akt tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi qismən onun özünün, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs inzibati xətaya görə məsuliyyət məsələsinə qiymət verərkən onun qadən olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilən inzibati xətalara görə daha yüngül inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin İXM-nin 157-ci maddəsi ilə cərimə, İXM-nin 232-1-ci maddəsi ilə isə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında inzibati tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 118 ,157 və 232- 1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat, İXM-nin 232-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 58 (əlli səkkiz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar