Məhkəmə qərarları › İş №3(015)-1871/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1871/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1871/2024 19.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Qazax rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" QSC-də maşinist işləyən, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 479-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına gələn 374 nömrəli elektrovozla qaçaqmalçılıq yolu ilə 06 ədəd qutuda üzərinə “petards” sözləri yazılmış 252 ədəd pirotexniki vasitələri gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə çalışmış, bununla da, Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsi ilə nəzərdə tutulmuş malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi inzibati xətasını törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, "xxxx" QSC-də elektrovoz sürücüsü işləyir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Böyük Kəsik stansiyasında işə getmişdir. Həmin gün köməkçisi həmkəndlisi Seymur Əhmədov olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi elektrovozla Azərbaycandan Gürcüstana keçmişdir. Gürcüstandan olarkən tanımadığı gürcüstanlı bir nəfər şəxs ona yaxınlaşmış və ona idarə etdiyi elektrovozla pirotexniki vasitələri Azərbaycan Respublikasına keçirməsini, həmin pirotexniki vasitələrin Ağstafa rayonunda Vüsalə adlı qadın tərəfindən götürüləcəyini və hər karobka üçün ona 40 manat pul məbləğinin veriləcəyini bildirmişdir. Pula ehtiyacı olduğu üçün o, bu təklifi qəbul etmişdir. Bu iş barədə Seymura məlumat vermiş və əldə etdikləri pulu bərabər böləcəyini bildirmişdir. Həmin şəxsdən 6 qutu pirotexniki vasitəni qəbul edərək elektrovozun içərisinə qoymuşdur. Daha sonra Azərbaycan Respublikasına doğru elektrovozla hərəkət etməyə başlamışdır. Böyük Kəsik stansiyasına çatdıqdan sonra pirotexniki vasitələri yerə ataraq gizlətməyə çalışmışdır. Lakin daha sonra gizlətdiyi pirotexniki vasitələr Dövlət Sərhəd Xidmətinin sərhədçiləri tərəfindən aşkar edilmişdir. Əməlindən peşmandır. Bir daha belə əmələ yol verməyəcəkdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə, məhkəmə materiala onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və aşkar olunmuş malların götürülməsi barədə protokoldan görünür ki, hadisə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində baş vermişdir. Hadisə yerindən Böyük-Kəsik dəmiryol stansiyasına kimi 500 metr, dövlət sərhədinə kimi 2500 metr məsafə vardır. Böyük-Kəsik dəmiryol stansiyasında qatarların dövlət sərhədindən hərəkət etməsi üçün yeddi giriş və yeddi çıxış, ümumilikdə 14 (on dörd) qatar yolu vardır, ümumi rejim ərazisi 500 m-dir. “Rejim gözətçisi” sərhəd naryadının xidmət apardığı yerdən hadisə yerinə təxminən 100 metr məsafə var. Hadisə yerinə baxış keçirilərkən 14-cü çıxış qatar yolunda relsin kənarına atılmış, qatarın altında gizlədilmiş iki ədəd qutu aşkar olunaraq götürülmşdür. Şəxs hadisə yerindən 50-60 metr kənarda paralel qatar yolunda olan qatarların hərəkətini işıqlandırmaq üçün nəzərdə tutulmuş işıq dirəyinin altında gizlətdiyi daha 04 (dörd) ədəd qutu olduğunu bildirmişdir. Həmin yerə baxış keçirilən zaman işıq dirəyinin altında, ağaclıq ərazidə gizlədilmiş 04 (dörd) ədəd qutu aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli aşkar edilmiş mallara baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları Şəxs və X1 374 nömrəli elektrovozun içərisində gizlədilmiş halda dövlət sərhədindən qanunsuz keçirdikləri 06 (altı) ədəd qutuya baxış keçirilərkən qutuların hər birinin içərisində üzərində “petards” yazılmış 42 (qırx iki) paçka olmaqla, ümumilikdə 252 (iki yüz əlli iki) paçka pirotexniki vasitələr aşkar olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2024-cü il tarixli, 9/4996 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş pirotexniki vasitələrin 1 qutusunun orta bazar qiyməti təxminən 2 manat, 2520 qutusunun orta bazar qiyməti ilə ümumi dəyəri isə təxminən 5040 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına gələn 374 nömrəli elektrovozla qaçaqmalçılıq yolu ilə 06 ədəd qutuda üzərinə “petards” sözləri yazılmış 252 ədəd pirotexniki vasitələri gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə çalışmış, daha sonra həmin pirotexniki vasitələr Dövlət Sərhəd Xidmətinin sərhədçiləri tərəfindən aşkar edələrək müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmə qeyd edir ki, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə qanun pozuntusu kimi qiymətləndilməklə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 479-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 479-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir, əməlindən peşmandır və həmin hallar onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati xətanın obyekti olmuş pirotexniki vasitələrin ümumi dəyərinin, yəni 5040 manat pul məbləğinin qırx faizi məbləğində inzibati qaydada cərimə olunmalı, inzibati xətanın bilavasitə obyekti olan 06 ədəd qutuda üzərinə “petards” sözləri yazılmış 252 ədəd pirotexniki vasitələr müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 479-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş pirotexniki vasitələrin ümumi dəyərinin, yəni 5040 manat pul məbləğinin qırx faizi məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan 06 ədəd qutuda üzərinə “petards” sözləri yazılmış 252 ədəd pirotexniki vasitələr müsadirə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar