Məhkəmə qərarları › İş №3(015)-1924/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1924/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1924/2024 04.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1993-cü ildə Ağstafa rayonu Köhnəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı icra sənədinə əsasən 26 yanvar 2021-ci il tarixdən başlayaraq Şəxs ilə X1 birgə nikahdan 22 may 2015-ci il tarixdə anadan olmuş Ümüd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq X2 verilməsi, həmçinin Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-967/2023 saylı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1878/2023 saylı və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(015)-64/2023 saylı icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, işsiz olduğu üçün borclarını ödəyə bilməmişdir. İşlə təmin olunsa borclarını ödəyəcəkdir. Həmçinin Ağstafa Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar icra məmurunun çağırışından boyun qaçırmaq fikrində olmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxslər məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı icra sənədinə əsasən 26 yanvar 2021-ci il tarixdən başlayaraq Şəxs ilə X1 birgə nikahlarından 22 may 2015-ci il tarixdə anadan olmuş Ümüd adlı uşağın yetkinlikyaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 130 manat aliment tutularaq X2 verilməsi barədə icra sənədi üzrə borcunu müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-967/2023 saylı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1878/2023 saylı və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(015)-64/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Onun Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı icra sənədi üzrə tələbkara 4325 manat, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-967/2023 saylı icra sənədi üzrə 778,96 manat, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 1878/2023 saylı icra sənədi üzrə 100 manat və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(015)-64/2023 saylı icra sənədi üzrə 100 manat borcu yaranmışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və ona inzibati həbs növündə tənbeh verilməsini xahiş etdi. Müəyyən olunduğu kimi, Tovuz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(062)-578/2021 saylı icra sənədinə əsasən 26 yanvar 2021-ci il tarixdən başlayaraq Şəxs ilə X1 birgə nikahlarından 22 may 2015-ci il tarixdə anadan olmuş Ümüd adlı uşağın yetkinlikyaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq X2 ödənilməsi qət edilmişdir. Şəxs alimentdən yaranan borcu 4325 manat, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-967/2023 saylı icra sənədi üzrə 778,96 manat, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1878/2023 saylı icra sənədi üzrə 100 manat və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(015)-64/2023 saylı icra sənədi üzrə 100 manat təşkil edir. Baxmayaraq ki, Şəxs bir uşaq üçün təyin olunan alimentin öhdəliyi çox da yüksək deyil. Şəxs hal-hazırda işsiz olmasını və ona görə də alimenti ödəyə bilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, aliment öhdəliyi olan şəxs qazancının bir hissəsini aliment borcuna ödəməlidir. Şəxs anlamalıdır ki, onun ödədiyi aliment övladının saxlanılması, qidası üçün ödədiyi puldur. Qeyd olunmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 dekabr 2024-cü il saat 17:45-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X5 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar