Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1972/2024 09.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 12627,50 manat məbləğində pul tutularaq tələbkar X2 ödənilməsi barədə icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, əvvəllər hərbi hissədə işlədiyindən icra sənədi üzrə ödənişlər əmək haqqından tutulub ödənilib, lakin hazırda işsizdir. Buna baxmayaraq tələbkara borcundan 500 manat ödəməyə razıdır, lakin tələbkar həmin məbləğlə razılaşmayaraq borcun tam ödənilməsini tələb edir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edib göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin 22(015)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs tələbkar X2 12627,50 manat məbləğində borcu yaranmışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Müəyyən olunduğu kimi, Ağstafa Rayon Məhkəməsinin 2(015)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 12627,50 manat məbləğində pul tutularaq tələbkar X2 ödənilməlidir. Hazırda işsiz olmasını və ona görə də borcunu ödəyə bilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(015)-194/2024 saylı qərarından görünür ki, Aslanov X6 Rayon Məhkəməsinin 2(015)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzürlü səbəbdən icra etmədiyindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 08 (səkkiz) gün inzibati qaydada həbs edilmişdir. Göründüyü kimi, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 32 və 33-cü maddəsinə əsasən Şəxs əməllərində yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Şəxs əməllərində yüngülləşdirici halların olmamasını, törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini şəxsiyyətini, xətanın xarakterini, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsini, təqsirinin dərəcəsini nəzərə almaqla Şəxs törətdiyi inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 dekabr 2024-cü il saat 12:30-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X4 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1972/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1972/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver