Məhkəmə qərarları › İş №3(015)-1989/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1989/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1989/2024 18.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Ağstafa rayonu, Dağkəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olmaqla Dağkəsəmən kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(015)-271/2020 saylı icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, işsizdir, günəmuzd fəhlə işləyərək ödənişlər edirdi, lakin yıxılıb travma aldığı üçün işləyə bilməməsi səbəbdən də borcunun yarandığını bildirdi. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 ifadəsində göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(015)-271/2020 saylı icra sənədi üzrə borclu Şəxs tələbkara olan aliment borcundan ödənişlər etmiş, qalan borcunu isə yaxın zamanda qaytaracağına söz vermişdir. Hazırda 2360 manat borcu vardır. Həmin borcundan ödəniş etmiş və ödəniş qəbzini təqdim edəcəkdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta haqqında materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, hazırda da borclu tərəfindən tələbkara borcun bir hissəsi miqdarında ödəniş edilmiş, qalan borcun isə yaxın zamanda qaytarılacağına söz verilmişdir. Eyni zamanda, borclu Şəxs hazırda işsizdir. Hazırki vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməməsi, tələbkara heç bir əmlak verməməsi və ya hər hansı miqdarda pul ödəməməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118 və 430.4-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar