Məhkəmə qərarları › İş №3(015)-242/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-242/2024

07.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-242/2024 07.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixində Azərbaycan Respublikasının Daşkəsən rayonu, Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2, 327.3, 332.2, 511.1.3 və 511.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 327.2, 327.3, 332.2, 511.1.3 və 511.3-cü maddəsi ilə AP№ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixində idarə etdiyi “VAZ-2106” minik markalı, həmin avtomobilə məxsus olmayan **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri ərazisində hərəkətdə olarkən Ağstafa rayon Polis şöbəsinin X4 Bölməsinin əməkdaşlarının saxlama işarəsinə tabe olmamışdır. Həmin avtomobilin saxlanılmasına kömək üçün dəvət olunmuş Ağstafa rayon Polis şöbəsinin Post-patrul Xidməti bölüyünün əməkdaşlarının iştirakı ilə yenidən saxlama işarəsi verilməsinə baxmayaraq tabesizlik nümayiş etdirərək Poylu-Sadıqlı yolunda, Ağstafa şəhəri ərazisində, Vurğun-Köçəsgər kəndində hərəkətdə olan digər avtomobillərə qarşı təhlükəli manevrlərlə avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmin avtomobil saat 19:45 radələrində süni tıxaclar yaradılıb saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 332.2, 511.1.3 və 511.3-cü maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə və ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati xəta müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə inzibati xəta müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati xəta müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati xəta müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsində bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə inzibati xəta müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, yol-nəqliyyat hadisəsinin inzibati xəta haqqında protokolda göstərildiyi kimi baş verdiyini etiraf edir, hadisə onun təqsiri üzündən baş vermişdir və əməlindən peşmandır. İş materiallarına əlavə edilmiş bir ədəd flash kartdakı görüntülərdən aydın olur ki, “VAZ- 2106” minik markalı, həmin avtomobilə məxsus olmayan **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobillə Ağstafa şəhərinin müxtəlif küçələrində qərəzli şəkildə bir neçə dəfə sağ və sol tərəfdən manevrlər etməklə təhlükəli vəziyyət yaradır, əks istiqamətdə olan yola çıxmaqla qəza şəraiti yaradır, yol nişanlarının tələblərinə və yol-patrul xidməti əməkdaşının “saxla” tələbinə əməl etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 332.2, 511.1.3 və 511.3-cü maddələrində maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə müvafiq olaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə səksən manat məbləğində cərimə tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə yüz manat məbləğində cərimə tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə yüz manat məbləğində cərimə tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 332.2, 511.1.3 və 511.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 511.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla barəsində inzibati həbs tətbiq edilməlidir. İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Hazırki AP№ ******* nömrəli protokol xx.xx.2024-cü il tarixində tərtib olunmasına baxmayaraq Məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olduğundan İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xəta haqqında işə daxil olduğu gün baxılmışdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 332.2, 511.1.3 və 511.3-cü maddələri ilə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona həmin Məcəllənin 511.3-cü maddəsi üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən, saat 20:30-dan hesablansın. X2 oğlu həmin müddətdə Ağstafa rayon X1 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respulikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə və Ağstafa Rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar