Məhkəmə qərarları › İş №3(015)-291/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-291/2025

25.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-291/2025 25.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Qədiməliyeva Şəbnəm Elxan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi baş leytenantı X2, Şahid Ağstafa RPŞ-nin KMQ-nın baş Ə/m polis baş leytinantı X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Qazax rayonu, Dağ Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağstafa Rayon Dağ Kəsəmən kənd ərazisində vətəndaş Qəfərova Ramiləni və onun həyat yoldaşı Farizi təhqir edib ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə yaşadığı Ağstafa rayonu Dağ Kəsəmən kəndində evində olduğu zaman polis əməkdaşlarının onu evindən götürərək polis şöbəsinə həkimə gətirdiklərini bildirmışdir. O, nalayiq ifadələr işlətməmişdir. Hazırda əməlindən peşmandır. Eyni zamanda, , o, sərxoşluq müayinəsindən keçməsindən imtina etdiyindən Ağstafa RPŞ-nin inzibati binasında həmin şöbənin əməkdaşı X3 ona işgəncələr verərək döymüş, bu zaman qollarından, üzünün sol çənə yanaq nahiyəsindən və qulaqarxası ənsə hissəsinə yumruqla vuraraq xəsarətlər yetirmişdir. O, həkim tələb etməsinə baxmayaraq onu tibbi müayinədən keçirməmişlər. Hazırda da ağrıları vardır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən AR DİN-nin 102 xidmətinə müraciətlə əlaqədar əməliyyat qrupunun üzvləri ilə birlikdə Ağstafa rayonu Dağ Kəsəmən kəndində gedib, şəxsin birinci evində sakitçilik yaratdıqdan sonra geri dönərkən yenidən Şəxs barəsində şikayət daxil olduğunu, şəxsin digər evinə gedərək onu nizam-intizama dəvət etdiklərini, onun isə polis əməkdaşlarına tabesizlik göstərdiyini, daha sonra həmin şəxsi Ağstafa RPŞ-nə gətirdikdən sonra məlum olub ki, həmin şəxs Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Şəxsdur. Məhkəmə iclasında Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi baş leytenantı X4 tərtib etdiyi MN № ******* nömrəli xx.xx.2025-ci il tarixli protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəzində lazımi qərarın verilməsini məhkəmənin öhdəsinə buraxdı. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs ictimai yerdə ucadan nalayiq ifadələr işlətməmişdir. Xırda xuliqanlıqda əsas obyekt kimi ictimai qayda, əlavə obyekt kimi isə insanların sağlamlığı, şərəf və ləyaqətin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qayda, şəxsiyyətin təhlükəsizliyi və sağlamlığının, şərəf və ləyaqətin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunda müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlığın motivi təqsirkar şəxsin qeyri-müəyyən şəxslər dairəsi şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Eyni zamanda, xırda xuliqanlıq əməlinin zəruri tərkib əlaməti olan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər Şəxs əməlində yoxdur. Hazırki vəziyyətdə Şəxs xırda xuliqanlıq etməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati materialdan Şəxs xırda xuliqanlıq etməsi faktı müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, 25 yanvar 2025-ci il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə qeyd edir ki, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, raport, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, şahid ifadəsi və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:35-də tutulmuşdur. Məhkəmə hesab edir ki, onun tutulduğu müddət nəzərə alınaraq ona tətbiq olunacaq inzibati tənbeh yüngülləşdirilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 30.2, 31,4, 53, 105, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 150 manat məbləğində inzibati qaydada cərimə tənbeh edilsin. Şəxs həmin müddətdə Azərbaycan Respublikası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar