Məhkəmə qərarları › İş №3(015)-382/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-382/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-382/2025 14.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağstafa şəhəri M.Ə.Rəsulzadə küç, ev 104 küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206 və 510-cu maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Əliyev X4 rayonu Qarahəsənli kəndi ərazisində Vaz 2106 **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yüksək surətdə hərəkət edərək avtomobili polis əməkdaşlarının yanında saxlayaraq yerə düşüb heç bir əsaslı səbəb olmadan onların ünvanına nalayiq ifadələr işlədərək maşına minib qaçaraq yolda hərəkət edən avtomobillərin narahatçılığına səbəb olan hərəkətlər etməklə xırda xuliqanlıq etmişdir. Daha sonra polis əməkdaşları onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra həmin şəxsin narkotik vasitələr istifadəçisi olduğu məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan Vaz 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonuna gedərkən yolda PPX-nın əməkdaşları ona saxla işarəsi etdiyini görüb tələsdiyi üçün saxlamamışdır. Sonradan onlar Qarahəsənli kəndi ərazisində yenidən saxlanılmasını istəmiş, avtomobili saxlamayıb idarə etmiş, avtomobili saxladıqdan sonra orada əsəbi olduğundan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu narkotik vasitədən istifadə edib etməməsini yoxlamaq üçün ekspertə aparmışlar və orada onun narkotik vasitə istifadəçisi olduğu məlum olmuşdur. Hazırda əməlindən peşmandır və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin PPXB-nin polis nəfəri X1 xx.xx.2025-ci il tarixdə saat 23 radələrində PPXB-nin polis nəfəri polis serjantı Ceyhun Məmmədovla birgə xidmətdə olarkən Ağstafa rayou Qarahəsənli kənd ərazisində VAZ 2106 **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək surətlə gələrək və onların yanında dayanıb nalayiq ifadələr işlədərək həmin yerdən yüksək sürətlə sürərək uzaqlaşmışdır. Həmin şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. X5 şahid Omarov Cəmalədinlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əliyev X4 rayonu Qarahəsənli kəndi ərazisində Vaz 2106 **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək avtomobili polis əməkdaşlarının yanında saxlayaraq avtomobildə heç bir əsaslı səbəb olmadan onların ünvanına nalayiq ifadələr işlədərək yolda hərəkət edən avtomobillərin narahatçılığına səbəb olan hərəkətlər etməklə xırda xuliqanlıq etmiş, daha sonra onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra həmin şəxsin narkotik vasitələr istifadəçisi olduğu məlum olmuşdur. Göründüyü kimi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahid ifadəsi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, ekspert rəyi və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 206 və 510-cu maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir və həmin hal onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə, Şəxsun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada həbs olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:10-da tutulmuşdur. Məhkəmə hesab edir ki, onun həbsdə saxlanma müddəti həmin tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitədən istiadə edir. Narkotik vasitələrdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 37, 114.1.1, 115, 117, 206, 510-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 14 fevral 2024-cü il tarixdən saat 09:10-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X3 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Şəxs inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar