Məhkəmə qərarları › İş №3(015)-389/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-389/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-389/2024 01.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X4 və X3 iştirakları ilə, X2 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra İdarə) tərəfindən onun barəsində qəbul olunmuş 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, İdarə tərəfindən ona qanunsuz və əsassız şəkildə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 700 (yeddi yüz) manat cərimə yazılmışdır. Həmin cərimədə qeyd edilmişdir ki, guyaki o, yaş ağacları kəsmişdir. Lakin bu yazılanlar həqiqəti əks etdirmir. Belə ki, o, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşamaqla evinin istiliyini ancaq kənddən və meşədən qurumuş ağac və budaqları yığaraq təmin edir. O, Qarabağ müharibəsi veteranıdır və bir çox döyüşlərdə iştirak etmişdir. O, yaş ağacları deyil yerdə qurumuş odunları motosikletinə yığıb aparmış və hər zaman da meşədən quru odunları yığır. Ancaq heç vaxt yaş ağac kəsməmişdir. Ona görə də İdarənin tərtib etdiyi 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi ilə bağlı qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayət ərizəsini müdafiə edib göstərdi ki, o, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşayır. Onların evində qaz olmadığı üçün evin istiliyini meşədən yığdığı quru odunlarla təmin edir. Hadisə baş verən günü o, motosikletlə odun yığmağa getmiş və hər zaman olduğu kimi yerdən quru odun və budaqları yığmış, lakin qayıdan zaman onu meşə gözətçiləri tutmuşlar. Bir müddət sonra onun barəsində inzibati təhbeh vermə haqqında qərar qəbul etmişlər. Lakin o, meşədə yaş ağacları kəsməmiş, yalnızca yerdən quru budaqları götürmüşdür. Meşə gözətçiləri ona təklif etmişlər ki, kəsilmiş yaş ağacın yanında dur, şəklini çəkək. O, imtina etmişdir. Hətta onun evinə də baxış keçirmişlər, ancaq quru odun aşkar etmişlər. Ona görə də barəsində İdarə tərəfindən tərtib olunmuş qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 şikayəti qəbul etməyib göstərmişdir ki, 12 yanvar 2024-cü il tarixdə Ağstafa rayonu Qıraq Kəsəmən kəndinə yaxın Poylu meşəbəyliyinin 2 saylı meşə dolayı ərazisində X7 motosikletə yığılmış odunla tutulmuş və barəsində akt tərtib olunmuşdur. Akt tərtib olunduqdan sonra meşə ərazisinə baxış keçirilmiş və 4 ədəd ağac kök üstdə yaş halda, 4 ədəd iydə quru halda kəsilmişdir. Akt meşə işçiləri tərəfindən tərtib olunmuşdur. İsrəfil Mollayev aktda iştirakdan imtina etmişdir. Meşə işçiləri müəyyən etmişlər ki vətəndaş ümumilikdə 12 kub metr meşə fondu ərazisindən odun gətirmişdir. Həmçinin vətəndaşın barəsində protokol da tərtib olunmuş, lakin vətəndaş protokolun tərtib olunmasında da iştirak etməmişdir. Protokol İdarəyə daxil olduqdan sonra onun bir surəti vətəndaşa göndərilmiş, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamına əsasən İdarə tərəfindən vətəndaşın barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Vətəndaşdan ağac kəsmək üçün hər hansı bir alət və ya vasitə aşkar edilməmişdir. X8 tərəfindən kəsilməsi barədə onlara akt və protokoldan başqa heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 digər nümayəndə X4 qeyd etdiyi xüsusatları təsdiq etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmalıdır. Məlum olduğu kimi, qanunvericiliyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Hazırki şikayət materialı üzrə İdarənin nümayəndəsi izahatında 12 yanvar 2024cü il tarixdə Ağstafa rayonu Qıraq Kəsəmən kəndinə yaxın Poylu meşəbəyliyinin 2 saylı meşə dolayı ərazisində X1 motosikletə yığılmış odunla tutulmasını və meşə gözətçisi tərəfindən barəsində protokol və akt tərtib olunmasını bildirmişdir. Nümayəndə öz izahatında şikayət vermiş şəxsin akta və protokola imza atmaqdan imtina etməsini bildirmişdir. Eyni zamanda vətəndaş Mollayev İsrəfildən hər hansı kəsici alətin aşkar olunmamasını, hadisənin baş verməsini sübut edəcək foto şəkillərin olmadığını, yalnız akt və protokolun olmasını bildirmişdir. Göründüyü kimi, meşə gözətçiləri meşə fondundan ümumilikdə İsrəfil Mollayev tərəfindən 12 kub metr həcmində ağacın onun tərəfindən kəsilərək aparılmasını qeyd etmişlər. Lakin 12 kub metr həcmində odunun məhz motosiklet vasitəsilə aparılmasını məhkəmə inandırıcı hesab etmir. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən X2 barəsində inzibati araşdırılma aparılan zaman inzibati xətanın törədilməsində ağacların kəsilməsi üçün hər hansı bir kəsici alət aşkar edilməmiş, həmçinin həmin ağacların onun tərəfindən kəsilməsi barədə hər hansı bir fotoşəkil və oradan aşkar olunmuş maddi sübutlar barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Məhkəməyə təqdim olunmuş sənədlərdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsrəfil Mollayevə işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməsi və həmin xəbərdarlıq məktubunun ona təqdim olunması baradə mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Göründüyü kimi, inzibati icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olmasına dair yetərli sübutlar toplanılmamışdır. Qanunvericiliyin tələblərinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar