Məhkəmə qərarları › İş №3(015)-420/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-420/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-420/2025 24.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1987-ci ildə Qazax rayonu Pirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağstafa rayonu, Kolxəlfəli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli 2(023)-1096/2014 saylı icra sənədinə əsasən 19 sentyabr 2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 02 sentyabr 2014-cü ildən başlayaraq ayda 80 (səksən) manat məbləğində alimentin alınaraq X2 ödənilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, onun hazırda daimi iş yeri yoxdur və aliment borcundan hər ay 30 manat ödəniş etmişdir. Himayəsində 4 azyaşlı uşağı var və həyat yoldaşı gözdən əlildir. Ona biraz vaxt verilən halda borcundan 1000 manat ödəniş edə bilər. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X5 (Bayramova) izahatında bildirdi ki, Şəxs aliment borcunu tam şəkildə ona ödəməmişdir. Hazırda onun 1000 manat ödəməsi təklifi ilə razı deyil və borcun tam şəkildə ödənilməsini tələb edir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs təyin olunmuş 80 manat alimenti tələbkara tam şəkildə ödəməmiş və onun aliment üzrə 6320 manat borcu yaranmışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və ona inzibati həbs növündə tənbeh verilməsini xahiş etdi. Müəyyən olunduğu kimi, Qazax Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli 2(023)-1096/2014 saylı icra sənədinə əsasən 19 sentyabr 2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 02 sentyabr 2014-cü ildən başlayaraq ayda 80 (səksən) manat məbləğində aliment alınaraq X2 ödənilməlidir. Şəxs alimentdən yaranan borcu 6320 manat təşkil edir. Baxmayaraq ki, Şəxs təyin olunan alimentin öhdəliyi çox da yüksək deyil. Şəxs hazırda daimi iş yerinin olmamasını və ona görə də alimenti tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, aliment öhdəliyi olan şəxs qazancının bir hissəsini aliment borcuna ödəməlidir. Şəxs anlamalıdır ki, onun ödədiyi aliment övladının saxlanılması, qidası üçün ödədiyi puldur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 fevral 2025-ci il saat 17:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X7 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar