Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-428/2023 06.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərmin Ruslan qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştrakı ilə, xx.xx.1971-ci ildə Qazax rayonunun Kolair kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Ağstafa rayonunun Kolair kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206 və 510-cu maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Ağstafa şəhəri H.Əliyev prospektində”xırda xuliqanlıq etmiş” və qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. Buna görə də onun barəsində İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində yaşadığı Ağstafa şəhəri H.Əliyev prospektində izahat verilməsi üçün polis əməkdaşları onu Ağstafa RPŞ-nə dəvət ediblər. Bu zaman o əsəbi olduğundan ucadan nalayiq ifadələr işlətmişdir. Bundan sonra orada xidmət aparan polis əməkdaşları ona irad tutaraq onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşları ilə razılaşaraq heç bir narazılıq etmədən Ağstafa RPŞnin inzibati binasına gəlmiş, polis əməkdaşları onun narkotik vasitə istifadə edibetməməsini müəyyən etmək üçün Gəncə şəhərində yerləşən narkoloji dispanserə aparmışlar. Orada müayinə olunduqdan sonra onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Ağstafa şəhəri H.Əliyev prospektində ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə xəta törədən şəxs inzibati məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 571 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlama rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdəndən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyatda götürülməsi məsləhət görülür. Beləliklə, Şəxs tərəfindən İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 206 və 510-cu maddələri ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, əlillik dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən . Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə tənbehi tətbiq olunmalıdır. İş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:35-də inzibati qaydada tutulmuşdur. Ona görə də tətbiq olunan cərimə tənbehi yüngülləşdirilməldir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 24.1, 30.2, 53, 105, 114.1.1, 115, 117, 206, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat, İXMnin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 300 ( üç yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi saxlanılsın. Şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-428/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-428/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver