Məhkəmə qərarları › İş №3(015)-433/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-433/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-433/2023 11.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1990-ci ildə Ağstafa rayonu Kolxəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağstafa rayonu Kolxəlfəli kəndində qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 11 aprel 2023-cü il tarixində Ağstafa rayon İcra və probasiya şöbəsinin məmuru tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-86/2022 №-li mülki iş üzrə xx.xx.2022-ci il tarixili icra vərəqəsinə əsasən il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X1 verilməsi barədə icra sənədi üzrə 4400 manat məbləğində borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, halhazırda heç bir yerdə işləmir. O, borcundan 2000 manat ödəniş etmişdir. Borcunun məsuliyyətini dərk edir və qalan borcunun hamısını da mütləq ödəyəcəkdir. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X3 göstərmişdir ki, Şəxs qızı ilə öz aralarında razılığa gəlmişlər. Ona görə də Şəxs cəza verilməsini istəmir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş mədaxil qəbzindən müəyyən olunmuşdur ki, Şəxs 2000 (iki min) manat ödəniş etmişdir. Qanundan göründüyü kimi, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. Şəxs 4400 manat məbləğində borcunu üzrlü səbəbdən ödəyə bilməmişdir. Beləliklə, İXM-nin 528.1-ci maddəsində qeyd olunan “üzürsüz səbəb” sübut olunmadığından Məhkəmə hesab edir ki, Şəxs 4400 manat məbləğində aliment borcuna münasibətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını, zərərçəkmişin şikayətçi olmamasını İXMnin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar