Məhkəmə qərarları › İş №3(015)-437/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-437/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-437/2025 14.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Tovuz rayonu Mülkülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadıqları Ağstafa rayonu Köçəsgər kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı dalaşaraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Ağstafa rayon polis şöbəsi tərəfindən İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyib izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Təxminən 3 il əvvəl onun oğlu Vüsal Qocayevi çöldə qatar vurub öldürmüşdür. Onun oğlu öləndən sonra Nailə ailələrinə qarşı aqresiv davranmağa başlamışdır. O gündən sonra Nailə oğlu Kamranı harada görürsə nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Oğlu Kamranın səhhətində ciddi problemlər vardır. xx.xx.2025-ci il tarixdə saat 09:30 radələrində Kamran saxladıqları heyvanları otarmaq üçün çölə aparmışdır. Kamran küçəyə çıxdıqdan sonra onun arxasınca küçəyə çıxdıqda Nailənin küçədə olmasını və oğlu Kamranı yenə də təhqir etməsini görmüşdür. O, Nailənin yanına gedib onun oğlunu təhqir etməsinin səbəbini soruşduqda, Nailə yenə oğlunu təhqir etməyə başlamışdır. Həmin zaman həyat yoldaşı Saqif də yanlarında olmuşdur. Nailə oğlunun kişicinsli şəxslərlə cinsi əlaqədə olmasını demişdir. Həmin vaxt Nailə oğlu Kamranın yaxasından tutub təhqir etmiş, o və həyat yoldaşı Saqif isə onları aralamağa çalışmışlar. Bundan sonra Nailə Kamranın yaxasını buraxıb həyat yoldaşının yaxasından tutmağa başlamış, yoldaşı onun əlindən tutub aralamış və geri itələmişdir. Həmin vaxt o, Nailənin üzünə bir dəfə sillə vurmuşdur. Bundan sonra səs-küyə qonşuları Pəri, daha sonra isə Naibə gəlmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Saqif, Kamran və Tahirə onun qonşularıdır. Onlarla əvvəllər aralarında bir neçə dəfə mübahisə olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdə heyvanlara ot-su verdikdən sonra yaşadığı evə girmək istəmiş, həyətdə olan zaman küçədən evlərinin həyətinə daş parçalarının atıldığını görmüşdür. Nə məsələ olmasını öyrənmək üçün evin giriş qapısının qarşısına çıxmış, qapıdan çıxan kimi Kamran onun saçından tutaraq başını daş hasara vurmuşdur. Onun saçını yolmuş və nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra Saqif də onun üzərinə gələrək onun yaxasından tutmuşdur. Saqif sillə ilə üzünə bir dəfə vuraraq, üzünə tüpürmüş, əynindəki köynəyini cırmışdır. Sonra isə nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra köməyə qonşuları çağırmış və polisə məlumat vermələrini bildirmişdir. X1 küçəyə çıxaraq onları aralamağa çalışmışdır. Həmin vaxt Tahirə də onun sifətinə bir sillə vurmuşdur. Bundan sonra digər qonşular da yaxınlaşıb onları aralamışlar. Evə gedib DİN-nin 102 xidmətinə zəng etmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadıqları Ağstafa rayonu Köçəsgər kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı dalaşaraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Həmin, hadisədən sonra Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək döyülməsini bildirmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs ekspertizadan keçirilmiş, iş üzrə alınmış ekpsert rəyində isə onun xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan toplanmış material üzrə əməldə cinayət hadisəsi olmadığından 24 yanvar 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-nə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, ekspert rəyi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxsa inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs inzibati xətaya görə məsuliyyət məsələsinə qiymət verərək hesab edir ki, o ilk dəfə inzibati xəta törətmiş və qadındır. Bu səbəbdən Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilən inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 118 və 157-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar