Məhkəmə qərarları › İş №3(015)-5/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-5/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-5/2024 06.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : "xxxx" MMC (bundan sonra Cəmiyyət) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Qazax Rayon Polis Şöbəsindən material daxil olmuşdur. İş materiallarından görünür ki, Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Qazax rayon polis şöbəsi tərəfindən tərtib olunmuş protokol baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmiş, Qazax Rayon Məhkəməsinin 3(023)-254/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" Fərdi Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan Cəmiyyət tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-453/2023 saylı qərarı ilə Qazax Rayon Məhkəməsinin 3(023)-254/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmuş və iş yenidən baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Qazax rayon polis şöbəsindən daxil olmuş AP ******* saylı 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Cəmiyyət xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində 5 (günə) qədər məlumat təqdim etməmişdir. Bundan başqa AP ******* saylı 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Cəmiyyət xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində 5 (günə) qədər məlumat təqdim etməmişdir. Buna görə də hüquqi şəxs Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Qazax RPŞ-nin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə Qazax RPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs Cəmiyyətin nümayəndəsi X4 izahatında bildirdi ki, Qazax RPŞ tərəfindən Cəmiyyətə tərtib olunmuş protokol ilə razı deyil. Belə ki, Azərpoçtdan cərimə ilə bağlı bildiriş daxil olmuş, lakin cəmiyyətdə işləyən şəxslərdən heç kəs həmin məktubu qəbul etməmişdir. Xəbərnamədə olan imza onlara aid deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin Qazax poçt filialının poçtalyonu X1 ifadəsində göstərdi ki, Saloğlu fərdi firması onun xidmət göstərdiyi poçt şöbəsinin ərazisində yerləşir, firma işlədiyi poçtdan çox uzaqdır. Əvvəllər ərazisi uzaq olduğuna görə məktubları geri qaytarmışlar. Daha sonra Anar adlı şəxs onlara demişdir ki, Saloğlu firmasında işləyir, ona zəng etsinlər o, gəlib məktubları götürəcəkdir. Hər zaman məktubları cəmiyyətin maşını ilə gəlib o, götürmüşdür. Onun həmin cəmiyyətdə vəzifəsi barədə məlumatı yoxdur. Həmin şəxsə məktubları verdikdən sonra forma 8 kitablarına qol çəkdirmişlər. Hal-hazırda olan 2 məktubu da Anara o, vermiş, Anar da kitaba imza etmişdir. 31 mart 2023-cü il və 12 aprel 2023-cü il tarixdə məktubların verilməsi ilə bağlı onun kitabında qeyd aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cəmiyyətdə “İT” bölməsinin rəhbəri işləyir. Cəmiyyətə gələn məktubları poçt idarəsindən hər zaman o, götürmüşdür. Qeyd olunan 2 məktubu da o qəbul edib, aidiyyəti üzrə cəmiyyətə vermişdir. Məhkəmə hesab edir ki, Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan AP ******* saylı 20 iyun 2023-cü il, AP ******* saylı 20 iyun 2023cü il tarixli inzibati xəta haqqında protokollarla, şahif ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, inzibati iş materiallarından görünür ki, Cəmiyyət xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində 5 (günə) qədər məlumat təqdim etməmişdir. Buna görə də hüquqi şəxs Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qazax rayon polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli bildiriş xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli bildiriş isə xx.xx.2023-cü il tarixdə Cəmiyyətə təhvil verilmişdir. Bildirişin Cəmiyyətin nümayəndəsinə təhvil verilməsi iş materiallarında olan xəbərnamə və məhkəmə iclasında şahid qismində dindirilmiş poçtalyonun qeydlər kitabında da əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün həmin hüquqi şəxsə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC (VÖEN **********, Ünvan: Qazax rayonu Ağköynək kəndində yerləşən) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar