Məhkəmə qərarları › İş №3(015)-524/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-524/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-524/2024 11.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən qəbul olunmuş 16 fevral 2024-cü il tarixli, MN1783762 nömrəli qərarla X2 fiziki şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən onun barəsində qəbul olunmuş 16 fevral 2024-cü il tarixli, MN1783762 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşayır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən onun barəsində qəbul olunmuş 16 fevral 2024-cü il tarixli, MN1783762 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 253.1ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərar tam ədalətsiz olmaqla bərabər ondan xəbərsiz olaraq tərtib edilmiş, etmədiyi bir əmələ görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərara əsasən guya o, meşədə yaş ağacları kəsmişdir. Belə ki, meşədən ancaq qurudulmuş budaqları yığmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilərək X1 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 31 yanvar 2024-cü il tarixdə Poylu meşəbəyliyinin 2 saylı meşə dolayının ərazisində qanunsuz ağac kəsməklə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən X1 barəsində qəbul olunmuş 16 fevral 2024-cü il tarixli, MN1783762 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə 700 manat məbləğində cərimə edilmişdir. X1 şikayətinə baxılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən barəsində icraat aparılan şəxs barəsində qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir, fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur, edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Şikayətə əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, Ç- BM/4124-008 nömrəli məktubundan görünür ki, X1 barəsində fiziki şəxs kimi inzibati tənbeh vermə haqqında qərar çıxarılacağı ilə bağlı bildiriş məktubu ünvanlanmasına baxmayaraq idarəyə gələ bilmədiyi qeyd olunsa da, həmin bildirişin rəsmi qayda verilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, barəsində araşdırma aparılan şəxsin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Belə ki, X1 şikayətində qeyd olunduğu halların araşdırılaraq qiymət verilməli olmasına baxmayaraq onun iştirakı təmin edilmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə təsbit edilmiş konstitutsion hüquqları pozulmaqla birtərəfli icraat aparılaraq işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, baş vermiş inzibati xəta hadisəsinin natamam araşdırılması, nəticə etibarilə həmin əməlin həqiqətən də, X2 tərəfindən törədilməsində şübhələr yaratmış və bu şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Belə olan halda isə inzibati xəta haqqında qanunvericiliyin tələblərindən irəli gələrək X1 inzibati xəta əməlini törətməkdə təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Bundan əlavə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan xəta hadisəsinin məhz X2 tərəfindən törədilməsini təsdiq edəcək heç bir sübut da təqdim etməməklə, sonuncunun hazırda həmin ağacların kəsilməsi ilə hər hansı bir bağlılığını da, müəyyən etməmişdir. Bu hal da özü-özlüyündə törədilməsi istinad edilən inzibati xəta hadisəsinin məhz X2 tərəfindən törədilməsini qeyri müəyyən edir. Eyni zamanda, qanunvericilik yuxarıda göstərilənlərlə yanaşı, pozuntunun sübut edilməsi yükünü də məhz inzibati xəta haqqında protokolu tərtib edən şəxsin üzərinə qoymuşdur. Göründüyü kimi, inzibati araşdırma aparılarkən formal məlumatlara əsaslanmaqla, X2 barəsində səthi protokol tərtib edilərək qərar qəbul edilmiş və sonuncu düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti seçilmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (AR İXM 128.2.3); səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə (AR İXM 129.1.3.) Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən X1 barəsində qəbul olunmuş 16 fevral 2024-cü il tarixli, MN1783762 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən tərtib olunmuş 16 fevral 2024-cü il tarixli, MN1783762 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar