Məhkəmə qərarları › İş №3(015)-560/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-560/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-560/2023 30.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının (bundan sonra Cəmiyyət) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa rayonu Qarahəsənli kəndində yerləşən Cəmiyyətdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə regional X9 İdarəsi tərəfindən keçirilmiş planlı yanğın texniki müayinə zamanı hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərinin obyektin yanğın təhlükəsizliyinə əməl olunması baxımından X9 Orqanları ilə razılaşdırılmaması, obyektdə hər bir şəxsin sərbəst görə biləcəyi yerlərdən yanğın təhlükəsizliyi xidmətinin telefon nömrələrini bildirən lövhələrin asılmaması, elektrik qurğularının müvafiq qaydalara və digər normativ sənədlərə uyğun quraşdırılmaması, mövcud elektrik lampasının və işıqlandırıcısının mühafizə qapağının qoruyucu örtüklə təmin edilməməsi, insanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədi ilə “Çıxış” sözləri yazılmış işıqlı göstəricilərin təmin edilməməsi, obyektin yanğın aşkaredici və xəbərverici siqnalizasiya qurğuları ilə tam təmin edilməməsi, obyektin normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməməsi, siqaret çəkilməsi üçün xüsusi yer ayrılmaması və gözə çarpan yerlərdə qadağanedici nişanlar asılmaması, izolyasiyası zədələnmiş naqillərdən istifadə olunması və digər pozuntular aşkar edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə regional X9 İdarəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə onun, Xaliq Omarovun və Ceyhun Çəlləbiyevin tərəfindən Ağstafa rayonu Həsənsu kəndində yerləşən Cəmiyyətdə Yol örtüklərinin istehsalı sexində yanğın təhlükəsizliyinin etibarlı təmini məqsədi ilə yanğın-texniki müayinə aparılmış və müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş nöqsanlara görə yanğın-texniki müayinə aktı və inzibati xəta haqqında ******* nömrəli protokol tərtib edilmişdir. İş üzrə Cəmiyyətin SƏTƏM üzrə inspektor köməkçisi X4 aşkar edilmiş nöqsanlarla razılaşmayaraq yanğın texniki müayinə aktına və tərtib olunmuş inzibati xəta haqqında protokola imza etməmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Cəmiyyətin nümayəndəsi X5 Cəmiyyətin barəsində tərtib olunmuş protokola etiraz ərizəsini təqdim edərək bildirdi ki, Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə regional X9 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, Cəmiyyətə məxsus yol örtüklərinin istehsalı sexində yanğın təhlükəsizliyinin etibarlı təmini məqsədi ilə yanğın-texniki müayinə aparılmış və müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş nöqsanlara görə yanğın-texniki müayinə aktı və inzibati xəta haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Lakin aktda qeyd olunduğu yol örtüklərinin istehsalı sexinin Cəmiyyətə məxsus olmasına dair hər hansı rəsmi sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin yanğın-texniki müayinənin aparılması haqqında 1955 nömrəli xx.xx.2023-cü il tarixli qərarda və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il çıxarışında hüquqi şəxsin adı tam olaraq (Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı) qeyd olunmasına baxmayaraq ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadda və 3-18-78/2-1624-2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda hüquqi şəxsin adı natamam olaraq Şəxs MMC kimi qeyd edilmişdir. Bundan əlavə protokol tərtib olunan zaman İXM-nin 18.2.1, 18.2.2 və 18.2.3-cü maddələri ilə nəzərdə tutulmuş vəzifəli şəxsin iştirakı təmin edilməmiş, protokolla tanış olmamış, hüquq və vəzifələri izah edilməmiş, protokolla razı olub-olmaması barədə fikri öyrənilməmiş və ən əsası həmin vəzifəli şəxs barədə ümumiyyətcə hər hansı qeydlər aparılmamışdır. Protokolda adı qeyd olunmuş X1 barədə onlarda heç bir məlumat yoxdur və onun Cəmiyyətdə hansı fəaliyyət növü ilə məşğul olmasına və hansı vəzifədə işləməsinə dair hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Ona görə də Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsindən daxil olmuş material natamam olduğundan geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa rayonu Qarahəsənli kəndində yerləşən Cəmiyyətdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə regional X9 İdarəsi tərəfindən keçirilmiş planlı yanğın texniki müayinə zamanı hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərinin obyektin yanğın təhlükəsizliyinə əməl olunması baxımından X9 Orqanları ilə razılaşdırılmaması, obyektdə hər bir şəxsin sərbəst görə biləcəyi yerlərdən yanğın təhlükəsizliyi xidmətinin telefon nömrələrini bildirən lövhələrin asılmaması, elektrik qurğularının müvafiq qaydalara və digər normativ sənədlərə uyğun quraşdırılmaması, mövcud elektrik lampasının və işıqlandırıcısının mühafizə qapağının qoruyucu örtüklə təmin edilməməsi, insanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədi ilə “Çıxış” sözləri yazılmış işıqlı göstəricilərin təmin edilməməsi, obyektin yanğın aşkaredici və xəbərverici siqnalizasiya qurğuları ilə tam təmin edilməməsi, obyektin normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməməsi, siqaret çəkilməsi üçün xüsusi yer ayrılmaması və gözə çarpan yerlərdə qadağanedici nişanlar asılmaması, izolyasiyası zədələnmiş naqillərdən istifadə olunması və digər pozuntular aşkar edilmişdir. Şəxs MMC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli, 1955 nömrəli yanğın-texniki müayinə aktı, həmin akt əsasında tərtib edilmiş qərar və inzibati xəta haqqında protokol, məhkəmə iclasında tərəflərin verdikləri izahatları və inzibati işin digər materialları ilə tam sübut olunur. Ona görə də Məhkəmə hesab edir ki, Cəmiyyət İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə Cəmiyyətə inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə hesab edir ki, Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün beynəlxalq əhəmiyyət daşıyan Qazax- Gürcüstan dövlət sərhədi avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına yönəldiyindən onun tərəfindən törədilən inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində yalnız inzibati cərimə nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsində aşağı tənbeh növünün tətbiqi nəzərdə tutulmamışdır. İnzibati xəta cinayətin xırda növüdür. Cinayət Məcəlləsində törədilmiş cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər müddəası qeyd olunsa da İnzibati Xətalar Məcəlləsində həmin müddəa qeyd olunmamışdır. Məhkəmə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarını əsas götürməklə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cəmiyyətin fəaliyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Cəmiyyətə hüquqazidd əməlin yolverilməzliyi barədə xəbərdarlıq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 18, 24.1, 114.1.1, 115, 117, 118 və 499.1.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona hüquqazidd əməlin yolverilməzliyi barədə xəbərdarlıq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar