Məhkəmə qərarları › İş №3(015)-562/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-562/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-562/2023 22.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Tovuz rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs spirtli içki qəbul etmiş, həmin içkinin təsirindən xx.xx.2023-cü il tarixdə Ağstafa şəhəri Səməd Vurğun parkının qarşısında ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, spirtli içki qəbul etmiş, həmin içkinin təsirindən xx.xx.2023-cü il tarixdə Ağstafa şəhəri Səməd Vurğun parkının qarşısında ünvansız nalayiq söyüşlər söymüşdür. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə onların qanuni tələblərinə tabe olmayaraq ucadan polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Hal-hazırda etdiyi əməldən səmimi peşimandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs spirtli içki qəbul etmiş, həmin içkinin təsirindən xx.xx.2023-cü il tarixdə Ağstafa şəhəri Səməd Vurğun parkının qarşısında ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir və həmin hal onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə tənbehi tətbiq olunmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:50-də tutulmuşdur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat, İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki) yüz manat məbləğində inzibati qaydada cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 280 (iki yüz səksən) manat məbləğində inzibati qaydada cərimə tənbehi saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar