Məhkəmə qərarları › İş №3(015)-595/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-595/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-595/2025 07.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində yaşadıqları Ağstafa şəhəri 27-ci məhəllədə qonşusu X2 ilə aralarında olan mübahisə zamanı dalaşaraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də, Şəxs barəsində Ağstafa rayon polis şöbəsi tərəfindən İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyib izahatında bildirdi ki, zərərçəkmiş şəxs X2 onun qonşusudur. Minarəni əvvəllər tanımışdır. Ədavətləri yoxdur. Təxminən 3 il əvvəl Minarənin oğlundan həyətyanı 2 sot torpaq almış, onların evinə bitişik qonşuluqda ev tikdirirlər. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Minarənin onun barəsində əsassız olaraq söz-söhbət etməsini eşidərək onun evinə getmişdir. Öz iradlarını bildirərək aralarında söz mübahisəsi yarandı, həmin vaxt anası Aygün Tağıyeva yanında olmayıb. Söz mübahisəsi edilsə də Minarəni döyməmişdir. Ona heç bir xəsarət yetirməmişdir. Söz mübahisəsindən sonra yola çıxmış və həmin zaman polislər gəlmişdir. Minarənin üzərində olan xəsarəti yəqin ki özü etmişdir. Ona heç bir xəsarət yeriməmişdir. Həmin zaman sadəcə söz mübahisəsi edilmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, o, Baba dönər adlandırılan yerdə işləyən zaman onu Sədaqət işdən çıxartdırmışdır. Sədaqət evinə gələrək mətbəx adlanan yerdə onu döymüş, onu təhqir etmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, tərəflər arasında heç bir ədavəti yoxdur. Yas mərasimində olan zaman qonşular tərəfindən zəng gəlmişdir ki, kiminsə onun evinin qarşısında səs-küy saldığını bildirmişlər. Həmin zaman gəldikdə görmüşdür ki, həmin şəxs Minarə xanımdır. Minarə xanımı heç kim döyməmiş, ona heç bir fiziki zərər verilməmişdir. Minarənin yersiz söz-söhbətləri, yersiz mübahisələr yaratdığını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azər Əliyev bildirdi ki, o, həmin əraziyə gedərkən Sədaqət xanımı və Minarə xanımı yolda qapının qarşısında görüb. Həmin zaman hər hansı davanın şahidi olmasa da, tərəflər arasında münaqişənin olduğu məlum olmuşdur. Lakin hər bir halda protokolun təmin olunmasını xahiş etdi. İşdə olan Ağstafa RPŞ TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 3-cü PB-nə təqdim edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 139 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ əlin baş barmağı əsasında sağ biləyin səthində , sol əlin iç səthində və sol almacıq nahiyyəsində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əllə vurulma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir: Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, X4 həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadıqları Ağstafa şəhəri 27-ci məhəllədə qonşusu X2 ilə aralarında olan mübahisə zamanı dalaşaraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Həmin hadisədən sonra DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı Minarə Əliyeva ekspertizadan keçirilmiş, iş üzrə alınmış ekpsert rəyində isə onun xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün, dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan toplanmış material üzrə əməldə cinayət hadisəsi olmadığından 30 aprel 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-nə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, ekspert rəyi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd edir: İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs inzibati xətaya görə məsuliyyət məsələsinə qiymət verərək hesab edir ki, o, ilk dəfə inzibati xəta törətmiş və qadındır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bu səbəbdən Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilən inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 118 və 157-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar