Məhkəmə qərarları › İş №3(015)-603/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-603/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-603/2023 14.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 262.1.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən (bundan sonra İdarə) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs 08 may 2023-cü il tarixdə Ağstafa rayonu Ağgöl (Candar göl) su obyektindən SNP markalı dizel ilə işləyən qurğu ilə göldən icazəsiz su vurduğu müəyyən olunmuşdur. Buna görə də onun barəsində İXM-nin 262.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan İdarənin nümayəndəsi X2 göstərdi ki, xidməti ərazidə yerləşən su obyektlərində nəzarətdən kənar qoşulmaların qarşısının alınması və su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazənin alınması ilə bağlı ETSN-dən daxil olmuş müraciət idarənin 08 may 2023-cü il tarixli 000092 saylı sərəncamı əsasında yerində araşdırılmışdır. Araşdırma zamanı Ağstafa rayonu Ağgöl kəndi ərazisində yerləşən Ağgöl (Candar göl) su obyektindən SNP markalı dizel ilə işləyən qurğunun quraşdırılaraq su vurduğu müəyyən olunmuşdur. Araşdırmada SNP qurğusu ilə su vuran şəxsin Ağstafa rayonu Pirli kəndində yaşayan Şəxs olduğu məlum olmuşdur. O izahat verərək, Ağ göl kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 15 hektar sahədə günəbaxan səpinin aparıldığını planlaşdırdığını və ərazinin suvarmaya ehtiyacı olduğu üçün SNP markalı qurğunu gölün kənarında quraşdıraraq sahəni suvardığını bildirmişdir. Həmçinin izahatında suyun götürülməsi ilə bağlı müvafiq dövlət qurumlarından icazə almadığını bildirmişdir.Bundan sonra Şəxs barəsində İXM-nin 262.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati icraat aparılan Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi, Şəxs 08 may 2023-cü il tarixdə Ağstafa rayonu Ağgöl (Candar göl) su obyektindən SNP markalı dizel ilə işləyən qurğu ilə göldən icazəsiz su vurmuşdur. Həmin əraziyə İdarənin əməlkdaşları tərəfindən baxış keçirilərək fotoşəkillər çəkilmiş, Şəxs etirafedici izahatı alınmış və sənədlər materiala əlavə edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 262.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 262.1.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.1-ci maddəsinə əsasən su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 262.1.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar