Məhkəmə qərarları › İş №3(015)-615/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-615/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-615/2024 11.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Laçın rayonunun, Zorkeşiş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsil, ailəli, fərdi əməklə məşğul olan, Laçın rayonu, Hacıxanlı kəndində qeydiyyatda olan və Bərdə rayonu, Əyricə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsindən (RPŞ-dən) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciəti əsasında onun olduğu Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsinə Ağstafa RPŞ-nin əməkdaşları gedərkən onların ünvanına ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və onu inzitama dəvət edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Ağstafa RPŞ-nə gətirilmiş, bu zaman narkotik vasitə istifadə etməsinə dair şübhə olduğundan onun narkotik vasitə istifadə edib-etməməsini müəyyən etmək üçün Gəncə şəhərində yerləşən narkoloji dispanserə aparmışlar. Orada müayinə olunduqdan sonra onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Buna görə də onun barəsində İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, o, Laçın rayonundan məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşmışdır. Hal-hazırda Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsində çobanlıq edir və orada qalır. Ara sıra narkotik istifadə etdiyindən bu asılılıq onu bezdirmiş və bu barədə özü xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etmişdir. Bundan sonra həmin gün polis əməkdaşları ora gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə Ağstafa rayon Polis şöbəsinə gəlmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin X1 (PBnin) polis nəfəri, polis baş serjantı X3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 11:15 radələrində Ağstafa RPŞ-nin Köçvəlli PB-nin polis nəfəri, polis baş serjantı X4 ilə xidmətdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə vətəndaş Şəxs daxil olmuş müraciəti əsasında onun olduğu Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsinə getmişlər. Həmin ünvanda olarkən Şəxs həyətdə ucadan nalayaqif ifadələr işlədərək ictimai qaydanı pozmasının şahidi olmuşlar. Onu intizama dəvət etsələr də qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onu polis bölməsinə gətirmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin Köçvəlli Polis PB-nin polis nəfəri, polis baş serjantı X4 şahid X3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahid ifadələri və iş materialları ilə Şəxs ictimai yerdə hər hansı şəxsin barəsində ucadan nalayiq ifadələr işlətməsi sübut olunmur. Xırda xuliqanlıqda əsas obyekt kimi ictimai qayda, əlavə obyekt kimi isə insanların sağlamlığı, şərəf və ləyaqətin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qayda, şəxsiyyətin təhlükəsizliyi və sağlamlığının, şərəf və ləyaqətin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunda müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlığın motivi təqsirkar şəxsin qeyri-müəyyən şəxslər dairəsi şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Eyni zamanda, xırda xuliqanlıq əməlinin zəruri tərkib əlaməti olan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər Şəxs əməlində yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs özü xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etmişdir. Bundan sonra həmin gün polis əməkdaşları ora gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə Ağstafa rayon Polis şöbəsinə gəlmişdir. Lakin hazırki vəziyyətdə Şəxs polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Belə ki, tabe olmamağın nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 694/2024 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünü ki, Şəxs sidiyində narkotik vasitə olan marixuanan istifadə aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli rəyindən hörünür ki, Şəxs narkotik vasitədən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, məhkəmə qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.14-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən,q qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahid ifadələri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, ekspert rəyi və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXMnin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada həbs olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da tutulmuşdur. İXM-nin 30.3 və 89.4-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də Şəxs həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin X2 saxlanılmalı, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 37, 53, 105, 114.1.1, 115, 117 və 206-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddələr ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 02 (iki) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 mart 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin X2 saxlanılsın. Qərar dərhal icra olunsun. Şəxs inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar