Məhkəmə qərarları › İş №3(015)-644/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-644/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-644/2023 12.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-ci ildə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta, subay, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 2023-cü ilin yanvar ayından başlayaraq 18 yanvar 2023-cü il tarixədək Azərbaycan Respublikası "xxxx" ASC-nin 8 nömrəli” Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə məxsus hər birinin dəyəri 49,89 manat təşkil edən 22 ədəd “Mexaniki” tipli su sayğaclarını oğurlamışdır. Məhkəmə iclasında Şəxs ifadəsində götərdi ki, 18 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən yaşayış olmayan evlərin həyətlərindən su sayğaclarını oğurlamış, oğurladığı su sayğacları «Smart Kart» və «Mexaniki» tipli olmuşdur. «Smart Kart» tipli su sayğaclarına görə barəsində cinayət işi, «Mexaniki» tipli su sayğaclarına görə isə inzibati icraat başlanılmışdır. Oğurladığı bütün sayğaclarını isə ibtidai istintaq zamanı Azərbaycan Respublikası "xxxx" ASC-nin 8 nömrəli” Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə təhvil vermişdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən ayrı-ayrı vətəndaşlar üçün quraşdırılmış “Azərsu ASC-nin 8 nömrəli Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinin balansında olan “Mexaniki” tipli su sayğaclarının oğurlanması faktları ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-yə göndərilmişdir. Şəxs və X1 götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış 4(dörd) ədəd “Smart Kart” tipli su sayğaclarının saxlanılması üçün Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilməsi, 22 ədəd “Mexaniki tipli sayğaclarının isə "xxxx" ASC-nin 8 nömrəli” Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə təhvil verilməsi nəzərə alınımışdır. Məhkəmə qeyd edir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur. Lakin inzibati xətalar haqqında qanunvericiliyə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Materiala əlavə olunmuş 17 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında görünür ki, Şəxs hazırki inzibati xəta üzrə oğurladığı 22 ədəd “Mexaniki tipli sayğacları "xxxx" ASC-nin 8 nömrəli” Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə təhvil verilmişdir. Göründüyü kimi hazırki material üzrə oğurlanmış 22 ədəd “Mexaniki tipli sayğacları "xxxx" ASC-nin 8 nömrəli” Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə qaytarılaraq vurulmuş ziyan tamamilə ödənilmişdir. Ona görə də Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 39.2, 114.1.1, 115, 117, 141.3 227-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar