Məhkəmə qərarları › İş №3(015)-655/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-655/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-655/2024 01.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Ağstafa rayonu, Qırılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağstafa rayonu, Qırılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1- 1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2016-cı il tarixdə anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin X6 xeyrinə tutulması barədə icra sənədi üzrə 2.100 (iki min yüz) manat məbləğində borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-674/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini təkrar yerinə yetirməmiş və borcu 3.865 (üç min səkkiz yüz altımış beş) manat təşkil edir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon məhkəmələri baxır. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, hal-hazırda işləmir və borcunu imkan düşdükcə ödəyəcəkdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs ona təyin olunmuş 3.865 (üç min səkkiz yüz altımış beş) manat borcunu tələbkara ödəməmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər icra etməmiş, bu isə tələbkarların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs maddi imkanı ilə əlaqədar icra sənədini icra edə bilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, istinad edilən dəlil əslində keçən uzun müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə tərəfindən ona aliment borcundan ödəniş etməsi üçün şərait yaradılaraq ona vaxt verilməsi təklif olunmuş, lakin o, aliment borcunu ödəməyə maddi imkanın olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Aliment öhdəliyini icra etməyən Şəxs bunu maddi vəziyyəti ilə izah edir. Məhkəmə hesab edir ki, uşaqlarının saxlanması üçün aliment borcunu ödəməyən şəxsə 1.000 manatdan 1.500 manatadək məbləğdə cərimə tətbiq edilməsi, bununla da yeni pul öhdəliyinin yaradılması məqsədə uyğun deyil, Şəxs inzibati qaydada həbs olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyimi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 aprel 2024-cü il saat 12:50-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X5 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar