Məhkəmə qərarları › İş №3(015)-669/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-669/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-669/2025 07.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xocavənd rayon Prokurorluğu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, 25-1-2-2-423-2390-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə olunmuş sənədləri inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərmişdir. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs MMC-ni təmsil etmək və adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – direktoru Nümayəndə həmin MMC-nin xeyrinə və həmin cəmiyyətin maraqlarının qorunması üçün hərəkət edərkən, habelə qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən fiziki şəxslər – Şahid2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək beton-dəmirçi, Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək beton-dəmirçi və Şahid3 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dəmirçi-qəlibçi kimi həmin müddət ərzində Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən evlərin tikintisi ilə bağlı işlərin görülməsinə cəlb etmişdir. Buna görə də Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və həmin material baxılması üçün Məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə bildirdi ki, şikayət vermiş şəxlərlə əmək müqaviləsi bağlanılmış və əmək haqqı ödənilmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Sonuncu məhkəmə iclasına Şəxs və Xocavənd rayon Prokurorluğunun nümayəndəsi gəlməmişlər. Məhkəmə İXM-nin Ona görə, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarınını izahatlarını nəzərdən keçirib və materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasına əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İşçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür. Əmək müqaviləsi (kontraktı) isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin xətanı törədən istənilən şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə izahatında şikayət vermiş şəxslərlə əmək müqaviləsi bağlanıldığını və əmək haqqı ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-20/2-5344/2025 nömrəli məktubdan görünür ki, Şahid3 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək, Şahid1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək, Şahid2 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək "xxxx" QSC tərəfindən Ağdam, Füzuli, Xocavənd rayonlarına buraxılış üçün qeydiyyatdan keçirilmişlər. “X1 Sistemi”nə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin rəhbərliyi tərəfindən Şahid2 ilə xx.xx.2024-cü il tarixdə, Şahid1 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi (kontraktı) bağlanmış, lakin həmin Cəmiyyətlə Şahid3 arasında faktiki olaraq əmək münasibətləri mövcud olsa da, həmin əmək münasibətlərini özündə əks etdirən hər hansı rəsmi məlumat müəyyən olunmamış, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanmamışdır. Xocavənd rayon Prokurorluğunda və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında qeyd etmişdir ki, 2024-cü ilin iyul ayından Xocavənd rayonu, Hadrut qəsəbəsi ərazisində yerləşən, yaşayış üçün nəzərdə tutulmuş evlərin tikintisi ilə bağlı işləmək üçün getmiş Şəxs MMC-nin həmin ərazidə işlərə nəzarət edən şəxs kimi tanıdığı Abış Əsgərov beton-dəmirçi işlərinin görülməsini ona təklif etmiş, xx.xx.2024-cü il tarixdən orada beton-dəmirçi işlərini görməyə başlamış, bundan bir neçə gün sonra onunla MMC arasında əmək müqaviləsi bağlanmış, işlədiyi müddət ərzində həmin Cəmiyyətin direktoru kimi Nümayəndə tanımış, ona müvafiq sənədlər təqdim edilmiş və o, imzalamış, eyni zamanda elektron qaydada “Sima” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçirilmişdir. Xocavənd rayon Prokurorluğunda şahid qismində dindirilmiş Şahid1 izahatında qeyd etmişdir ki, o, 2024-cü ilin sentyabr ayından etibarən Xocavənd rayonu, Hadrut qəsəbəsi ərazisində yerləşən yaşayış üçün nəzərdə tutulmuş evlərin tikintisi ilə bağlı işləmək üçün getmiş, Şəxs MMC-nin həmin ərazidə işlərinə nəzarət edən şəxs kimi tanıdığı Abış Əsgərov beton-dəmirçi işlərinin görülməsini ona təklif etmiş, xx.xx.2024-cü il tarixdən orada beton-dəmirçi işlərini görməyə başlamış, bundan bir neçə gün sonra onunla MMC arasında əmək müqaviləsi bağlanmış, işlədiyi müddət ərzində həmin Cəmiyyətin direktoru kimi Nümayəndə tanımış, ona müvafiq sənədlər təqdim edilmiş və o, imzalamış, eyni zamanda elektron qaydada “Sima” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçirilmişdir. Xocavənd rayon Prokurorluğunda şahid qismində dindirilmiş Şahid3 izahatında qeyd etmişdir ki, 08 dekabr 2024-cü il tarixdən etibarən Xocavənd rayonu, Hadrut qəsəbəsi ərazisində yerləşən yaşayış üçün nəzərdə tutulmuş evlərin tikintisi ilə bağlı işləmək üçün getmiş, həmin yerdə işə başladıqdan təxminən 2 gün sonra əvvəllər də tanıdığı Şahid2 da həmin yerdə dəmirçi-qəlibçi işlədiyini görmüş, sonuncu ona birlikdə işləmələrini təklif etsə də, həmin vaxt təkliflə razılaşmamış, xx.xx.2024-cü il tarixdən etibarən sonuncu ilə birlikdə işləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdən etibarən tanışı Məhəmməd, onun yanında işləyən Elməddin və digər şəxslərlə birlikdə 27 dekabr 2024-cü il tarixədək dəmirçi-qəlibçi kimi qeyd olunan işləri görmüş, işi təhvil vermələrinə baxmayaraq, heç bir formada məvacib verilməmişdir. Həmçinin, işlədiyi müddət ərzində həmin Cəmiyyətin direktoru kimi Nümayəndə tanımışdır. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Şahid3 arasında faktiki olaraq əmək münasibətləri mövcud olsa da, həmin əmək münasibətlərini özündə əks etdirən hər hansı rəsmi məlumat müəyyən olunmamış, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanmamışdır. Belə ki, İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 8.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, qanunvericilikdə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsin vəzifəli və ya işçisinin əməlinə görə hüquqi şəxsin məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndində görə işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi- qanuni təmsilçisi Nümayəndə tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs Şahid2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək beton-dəmirçi, Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək betondəmirçi və Şahid3 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dəmirçi-qəlibçi kimi həmin müddət ərzində Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən evlərin tikintisi ilə bağlı işlərin görülməsinə cəlb etmişdir. Həmin hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi xx.xx.2025-ci il tarixli, 25-1-2-2-423-2390-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə olunmuş sənədlər, şahid ifadəsi, inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, həmin cəmiyyət İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs MMC-nin bir neçə şəxsə qarşı törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 18, 114.1.1, 115, 117, 118 və 192.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs (Ünvan: Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən, VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə görə təqsirli bilinib 21000 (iyirmi bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar